Xüsusi Dövlət Proqramının bitməsinə iki il qaldı, "utillik avtomobillər”in dövriyyədən çıxarılmasına hələ başlanılmayıb...

Elməddin Muradlı: “Avtomobil istismar müddətini keçibsə, mütləq yenilənməlidir”

img

Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulsa da, hələ ki, bu günə qədər bu istiqamətdə heç bir iş görülməyib.

Danılmaz faktdır ki, bu gün də küçələrdə istismar müddəti bitmiş avtomobillərə rast gəlinir.

Bəllidir ki, sınıq-salxaq, güzgüləri olmayan, rəngi bilinməyən, sadəcə, hərəkətdə olan bu avtomobillər təkcə sahibləri üçün deyil, digər hərəkət iştirakçıları üçün də  təhlükə mənbəyidir.

Maraqlıdır, istifadə müddəti bitmiş, yararsız vəziyyətdə olan, ekologiyaya zərər verən avtomobillər niyə hələ də hərəkətdədir?

  • “Ölkədə olan avtomobillərin 100 mindən çoxu utilizasiya prosesinə cəlb ediləcək

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, utilizasiya ilə bağlı hələ ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir rəsmi açıqlama verməyib: “Utilizasiya proqamı ETSN-in xətti ilə həyata keçirilməlidir. Nazirlik bir tender elan edib. Bir şirkət tenderin qalibi oldu. Həmin şirkət beynəlxalq təcrübəni araşdırıb, təkliflərini irəli sürəcəkdi. Məndə olan məlumata görə, artıq həmin təkliflər planı Nazirlər Kabinetinə təqdim edilib. Baxılacaq və qərar veriləcək”.

Həmsöhbətimizin sözlərinə görə, ölkədə olan avtomobillərin 100 mindən çoxu utilizasiya prosesinə cəlb ediləcək: “Azərbaycan avtomobil parkında 25 faiz avtomobillər normal istehsal ilinə malik avtomobillərdir.

Avtomobil parkında yaşı 40 ildən çox olan avtomobillər var. Avtomobil istismar müddətini keçibsə, mütləq yenilənməlidir. Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur. Bu gün köhnə avtomobillərlə ətraf mühit çirkləndirilir. Ancaq dövlət də humanistlik göstərərək bu avtomobillərin utilizasiyası zamanı müəyyən güzəştlər etməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər