Ağdaşda şəhid ailələri və qazilər üçün evlər tikilib, paylanılıb, ancaq imtina edirlər... niyə…

Ağdaşda bir qrup Qarabağ müharibəsi qazisi və şəhid ailəsi dövlət tərəfindən onlara verilən mənzillərdən istifadə edə bilmir. Səbəb isə evlərin keyfiyyətsiz tikilməsidir. Dövlət tərəfindən tikintisi üçün maliyyə ayrılan mənzillər podraçı şirkətin məsuliyyətsiz yanaşması nəticəsində tam hazır deyil. Bu səbəbdən də mənzil sahibləri evlərinə köçə bilmirlər. Mənzil yaşayış üçün hazır vəziyyətdə olsa idi, şəhid ailələri həmin evə köçüb orada rahat yaşayardılar.
Ağdaş rayonu, Nehrəxəlil kənd sakini Baxşəli Səfərov minlərlə mənzil verilən şəhid atasından biridir.
Rayonda şəhid ailələrinə və Qarabağ qazilərinə yeni evlərin tikintisinə 2020-ci ilin sentyabrında başlanıb. Pirəyir kəndi ərazisində ayrılan torpaq sahəsində 8 mənzilin tikintisi aparılıb.
Sakinlər qeyd edirlər ki, payız və qış aylarında tələsik tikilən evlər ötən il dekabr ayının 29-da sahiblərinə verilib.
Qaydalara uyğun olaraq, şəhid ailələri və qazilərə verilən mənzillərin daxili tam təmir olunmalı, yaşayış üçün kommunal şəraitlə təmin edilməlidir. Ancaq evlərin podraçı şirkət tərəfindən tələsik və qış aylarında təmir edilməsi səbəbindən otaqların divarları kifləyib, divar kağızları yararsız hala düşüb. Mənzil yaşayış üçün uyğun vəziyyətdə deyil.
Məlumat üçün bildirək ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında podratçı şirkət tərəfindən tikilib.
- Podratçı şirkət: “Yaşayış olmadığı üçün mənzillər həmin vəziyyətə düşüb”
Məsələ ilə bağlı şirkətin Elçin adlı nümayəndəsi bildirdi ki, həmin ailələrə verən mənzillərdəki vəziyyətdən xəbərdardırlar: “Yaşayış olmadığı üçün mənzillər həmin vəziyyətə düşüb”.
Günel CƏLİLOVA