Təbiətin qəsdinə durmuş iş adamlarının yeni üsulu - ağacları kəsirsən, 2700 cəriməni ödəyirsən, rahatca başlayıb restoranı tikirsən... Sumqayıtdakı kimi...

İlqar Hüseynli: “Yaşıllıqların məhv edilməsinin arxasında müəyyən dairələr dayanır”

img

Sumqayıtda ağacların kəsilməsinin sosial şəbəkələrdə ictimailəşdirilməsi böyük rezonansa səbəb oldu. Belə ki, Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Burada diqqəti çəkən məqam odur ki, bir neçə il yaşı olan iri gövdəli ağaclar kəsilir, buna görə kimlərsə cərimələnir və s. Ancaq bir müddət keçəndən və sakitlik yaranandan sonra məsələ bir növ yaddan çıxır. Nəticədə kəsilən ağacların yerində obyekt tikilir və beləcə bu işin arxasında dayananlar öz niyyətlərinə çatmış olurlar. İki ağaca görə 2700 manat cərimə yazılıb. Bu məbləği ödəmək isə bunun arxasında dayananlar üçün elə də böyük iş deyil. Dəfələrlə buna bənzər hallar yaşanıb. O baxımdan, sözügedən problemin əsaslı həllini ekspertlər nədə görür?

“İctimai nəzarət gücləndirilməlidir və belə hallar baş verəndə dərhal müvafiq qurumlara məlumat verilməlidir”

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, illərdir mövcud olan bu problemi həll etmək üçün ortaya kompleks yanaşma qoyulmalıdır: “İndiyə qədər bu problemin köklü həlli ilə bağlı ciddi səy göstərilməyib. Problem ondadır ki, Bakıda, Sumqayıtda və digər şəhərlərdə yaşıllıqların məhv edilməsinin arxasında müəyyən dairələr dayanır. Bunun nəticəsidir ki, hansısa cərimə sanksiyalarından sonra yenə öz bildiklərini edirlər. Çətini ağacları kəsməkdir, ondan sonra qanunsuz tikinti işləri aparmaq elə də çətin deyil. Hansısa məmurlar bunu qabaqcadan, təbii ki, qeyri-rəsmi olaraq sahibkarlarla razılaşdırır. Buna uyğun olaraq da yaşıllıqlar məhv edilir. Cərimə olunsalar da, bir müddət sonra öz işlərini görürlər. Bu mənada, ictimai nəzarət gücləndirilmlidir. Belə hallar baş verəndə dərhal müvafiq qurumlara məlumat verilməlidir. İkincisi, kəsilən ağacın yerində ağac əkilməli və onun orada qalmasına nəzarət edilməlidir. Bəzən formal olaraq kəsilən ağacın yerinə ting əkilir, sonra o ting oradan xəlvətcə götürülür. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi buna nəzarəti artırmalıdır. Qurum yeni bir ağacın əkilməsini dərhal icra etməlidir. Yoxsa yalnız cərimə etməklə problem həllini tapmayacaq”.

Ekspert onu da qeyd etdi ki, ağac kəsilməsinin arxasında dayananlar da cəzalandırılmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər