“Sahil-İnşaat" MTK ilə müştəriləri arasında nə baş verir...

Şikayətçilər: “Şirkətin rəhbərliyi binanın ötən ilin noyabr ayında hazır olacağını bildirirdi, amma…”

img

"Sahil-İnşaat” MTK-dan mənzil alan bir qrup vətəndaş Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev və Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Vətəndaşların şikayəti şirkətin şübhəli fəaliyyəti ilə bağlıdır.

Şikayətçilər bildirirlər ki, onlar şirkətin Yeni Günəşli qəsəbəsinin “A-B” massivində inşa etdiyi yaşayış binasından mənzil alıblar: "Bina 15 mərtəbəlidir. Bir neçə ildir ki, inşa edilir. Hələ də tikintisi başa çatdırılmayıb. Sonuncu mərtəbədə tikinti işləri dayandırılıb. Şirkətin rəhbərliyi binanın ötən ilin noyabr ayında hazır olacağını bildirirdi. Amma deyilən vaxtdan bir neçə ay keçsə də, bina hazır deyil”.

Şikayətçilərin sözlərinə görə, onlardan əvvəl bu binada ev alanlara tikinti işlərinin 2019-cu ilin avqust ayında başa çatacağı haqqında məlumat verilmişdi. "Sahil-İnşaat” MTK-nın tikintini yubatması sakinlərdə müəyyən şübhələrə yol açıb. Onlar hesab edirlər ki, inşaat işlərinin dayandırılması maliyyə böhranı ilə əlaqədar ola bilər: "Şirkət tikinti işlərinin dayandırılmasının səbəbini izah etmir. Amma bizdə şübhələr var ki, maliyyə vəsaiti çatmır. Ona görə də bina yarımçıq qalıb. Binanın, demək olar ki, bütün mənzilləri alınıb. Maliyyə çatışmazlığı əldə edilən pulların qaranlıq məqsədlərə xərclənməsindən xəbər verir. Bu, artıq dələduzluq əməlidir. Yəni bina tikintisi adı ilə vətəndaşları aldadıb onların pulunu ələ keçirmək deməkdir”.

  • ...ehtiyat edirik ki, maliyyə çatışmazlığı üzündən işlər keyfiyyətsiz aparıla bilər”

Şikayətçilər onu da qeyd edirlər ki, onlar maliyyə çatışmazlığı səbəbindən binanın tikintisinin keyfiyyətsiz aparılmasından narahatdırlar: “Biz kreditlə, borcla ev almışıq. Hazırda da kirayə yaşayırıq. Tikinti işlərinin uzanması bir yana, ehtiyat edirik ki, maliyyə çatışmazlığı üzündən işlər keyfiyyətsiz aparıla bilər. Bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik ki, binanın keyfiyyətini yoxlasın”.

Günel CƏLİLOVA

Son xəbərlər