Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 3 ilini 6.7 milyon manat ziyanla başa vurdu…

Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub. Bu barədə qurumun maliyyə hesabatında qeyd olunur. Bildirilir ki, bu, 2019-cu illə müqayisədə 4,7% çoxdur.
Son nəticədə BSM-in yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.
Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox – 22,219 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır.
Hesabatın nəticələrinə əsasən, Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs olmasına baxmayaraq, zərərlə fəaliyyət göstərir.
İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirdi ki, Prezident İlham Əliyevin 7 yanvar 2014-cü ildə açılışını etdiyi Bakı Sağlamlıq Mərkəzi ziyanla işləyir.
Onun sözlərinə görə, büdcədən ayrılan vəsait hesabına mərkəzin inşasına 2010-cu ildə başlanıb: “İşlər yarımçıq qalmasın deyə, 9 iyul 2011-ci ildə Prezidentin ehtiyat fondundən əlavə olaraq 5 mln. manat ayrıldı. Prezident daha sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəzdində publik hüquqi şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun.
Dörd il keçdi, gəlin indi nəticələrə baxaq: Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərərlə başa vurub.
Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərərlə bağladı. Beləliklə, ötən il mərkəzin zərəri artıb”.
Günel CƏLİLOVA