Lənkəranda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş növbəti tədbir Lənkəran Dövlət Universitetində baş tutdu. Belə ki, “Azərbaycanda xalq, dövlət və ordu birliyini gücü” mövzusunda “Microsoft Teams” platforması üzərindən keçirilən Respublika elmi konfransını universitetin rektoru, professor Natiq İbrahimov açdı.
O, ulu öndərin Azərbaycan xalqının tarixində oynadığı böyük roldan, gərgin fəaliyyətindən, ölkə təhsilinin inkişafına göstərdiyi misilsiz qayğıdan danışıb, ölkə rəhbəri İlham Əliyevin bu kursu uğurla apardığını söylədi. Rektor həm də ali təhsil ocağında son illərdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən ətraflı məlumat verdi, II Qarabağ savaşında onun məzunlarının, tələbələrinin, işçilərinin qəhrəmanlıq göstərdiyini dedi.
Konfransda söz universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərova verildi. Onun “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” mövzusunda etdiyi məruzəsi maraqla dinlənildi. Məruzədə deyilirdi: “Dövlətin və ordunun gücü xalqın birliyi-iradəsi ilə ölçülür. Xalqımıza hədsiz ağrılar yaşatmış, ölçüyəgəlməz itkilər gətirmiş Qarabağ münaqişəsinə də məhz ümummilli birliyə nail olmaqla son qoyulması tarixi faktdır. Tarix bu sonluqla bir daha sübut etdi ki, ən çətin məsələni də milli birliyin gücü, qüdrəti ilə aşmaq mümkündür, ən sağalmaz milli dərdin də məlhəmi xalq birliyidir, ən vəhşi düşməni də Xalq–Lider–Ordu vəhdətindən yaranan ümummilli birliyin gücü ilə əzib onu diz çökdürmək mümkündür.
Müharibənin gedişində xalqımız düşmən qarşısında vahid toplum olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı. Xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi.”
Natiq çıxışında Prezident İlham Əliyev Qarabağ zəfərində ümummilli birliyin və həmrəyliyin mütləq rolunu çox yüksək tutdu: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqları işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qarayaxma, şər-böhtan kampaniyasının da məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaq salsın, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Məruzə ətrafında genış müzakirələr oldu. Danışanlar ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı rolundan, ölkədə bu siyasətin uğurlu davamından, Xalq- Lider –Ordu birliyinin gələcək qələbələr üçün də önəm daşımasını dedilər.
Axırda onu da bildirim ki, konfransa ölkənin 10-dan çox universitetinin, elmi institutların müəllim və doktorantları qatılmışdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü