Sumqayıt şəhərinin 76-cı məhəlləsində kanalizasiya suyu açıq şəkildə küçədən axıdılır. Ərazidə içməli su şəbəkəsi yoxdur. Çirkab su isə evlərə dolur, vəziyyət o həddə çatıb ki, üfunətdən nə evdə, nə də o küçədə dayanmaq mümkün deyil.
Şəhərin Hafis Baxış küçəsində yaşayan sakinlər bildirirlər ki, ərazidə, ümumiyyətlə, kanalizasiya xətti, içməli su şəbəkəsi yoxdur. Bu ərazidə olan evlər qamışlığın və çirkab suyun girdabında batır. Ərazidə natəmizlik hökm sürür. Koronavirus infeksiyası dünyanı təhdid etdiyi bir vaxtda Sumqayıt şəhərinin 76-cı məhəlləsində nə təmiz içməli su tapılır, nə də kanalizasiya suyunun küçələrə axmaması üçün əncam çəkilir. Təbii ki, bu vəziyyətdən əziyyət çəkən, hər zaman olduğu kimi, insanlar olur. Kanalizasiya suyunun küçələrə, həyətlərə axması nəticəsində qeyd olunan ünvanın sakinləri antisanitar vəziyyətlə üz-üzə qalıblar.
Adıçəkilən ünvanda yaşayanlar qeyd edirlər ki, kanalizasiya suyunun küçələrə, eyni zamanda, həyətlərə axması ərazidə müxtəlif növ həşəratların artmasına səbəb olur. Sakinlər allergik xəstəlikdən əziyyət çəkirlər.
Sakinlər onu da qeyd edirlər ki, onlar yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıblar. Ancaq onlara müsbət cavab verilməyib.
“...gələcəkdə icra olunacaq layihələr çərçivəsində həyata keçiriləcək”
Məsələyə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı aydınlıq gətirdi. O bildirdi ki, ərazidə infrastruktur yoxdur. Fərdi şəkildə çəkilmiş xətlər isə tikinti qaydalarına ziddir.
Ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturunun qurulması isə Abşeron yarımadasının baş planına əsasən, nəzərdə tutulub və gələcəkdə icra olunacaq layihələr çərçivəsində həyata keçiriləcək.
Günel CƏLİLOVA