Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 7, 8 və 9 saylı köməkçi yardım stansiyalarında iş dayanıb. Tibb işçilərinin verdikləri məlumata görə, bir neçə aydır ki, COVID 19 virusuna görə almalı olduqları əlavə ödənişlər verilmir.
Bir neçə dəfə rəhbərliyə müraciət edən səhiyyə işçiləri yekunda çıxış yolunu kütləvi etiraz edərək işi dayandırmaqda görüblər.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası - Rauf Nağıyev: “Problem araşdırılacaq”
Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 9 saylı Təcili Yardım Stansiyasına gələrək etiraz edən tibb işçilərini dinləyib.
R.Nağıyev həkimlərə əlavələrin nə səbəbdən azalması haqqında məlumat verib. O, eyni zamanda, problemin araşdırılacağını da dilə gətirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “...bu ilin fevral ayı üzrə 1 542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təqdim etdiyi yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən, bu ilin fevral ayı üzrə iş vaxtı/saatına mütənasib olaraq, 1 542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib. Həmçinin, əlavələrin hesablanma qaydası da verilib: “Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq, müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.
Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli, 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır".
Günel CƏLİLOVA