Məlum olduğu kimi, bu il yanvarın 25-də yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan Vətən müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamın ikinci bəndində qeyd olunub ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibə zamanı əlilliyi olan şəxslərin mənzil təminatı həyata keçirilsin. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil verilməsi gözlənir, eyni zamanda, fərdi evlərin tikintisinə başlanıb.
Vətən müharibəsində şəhid olan bəzi hərbçilərin ailələrinin, o cümlədən, qazilərin mənzil təminatı həyata keçirilib. Lakin həmin mənzillərə “kupça”ların verilməməsi vətəndaşların narazılığına səbəb olub.
“Bir çox şəhid ailəsi və Qarabağ qazisi həmin evləri satdı, yenidən evsiz qalanda dövlətə müraciət etdi”
Millət vəkili Musa Quliyev bildirdi ki, şəhid ailələrinə təqdim edilən mənzillərin çıxarışların olmaması qanunun dəyişdirilməsi ilə bağlıdır: “1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi barədə təcrübə var. Mənzil alan ailələrə “kupça”lar verildi, evlər özəlləşdirildi. Amma bir çox şəhid ailəsi və Qarabağ qazisi həmin evləri satdı, yenidən evsiz qalanda dövlətə müraciət etdi. Ona görə bu məsələyə gələcəkdə baxmaq mümkündür. Lakin həmin ailələr onsuz da mənzildə daimi yaşayırlar, “kupça” onların nəyinə lazımdır? Dövlətin verdiyi mənzillər satıldıqda bəzən ailə üzvləri arasında da mübahisə düşür”.
Günel CƏLİLOVA