Astara Uşaq Musiqi Məktəbinin səkkizinci sinif şagirdi Aysu Mustafazadə artıq öz istedadı ilə Azərbaycan musiqi sənətində yaxşı tanınır. Bu pianoçu qız müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi altında Azərbaycan, Rusiya, İspaniya, Fransada keçirilmiş bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi və diplomantı olub. Bu günlərdə isə o, daha bir möhtəşəm uğura imza atıb.
Belə ki, 2020-ci ilin may ayında Vladimir Kraynev adına pianoçuların IV beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turunda İ.S.Bax, F.Şopen və M.Qlinkanın əsərlərindən ibarət 15 dəqiqəlik təqdimatda birinci turda qalib adını qazanmaqla, bu ilin yanvar ayında gənc pianoçu qız yenidən müsabiqənin təşkilat komitəsi tərəfindən seçim turunu keçmədən IV onlayn beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsinə dəvət alır. Müsabiqənin şərtlərinə görə, 20 dəqiqəlik proqram montajsız birdəfəlik çəkilərək münsiflər heyətinə təqdim olunur. Aprelin 29-da münsiflər heyətinin qərarına əsasən, A.Mustafazadə beynəlxalq müsabiqənin diplomantı adına layiq görülür.
Bəli, Aysu öz gözəl, ürəkaçan musiqisi ilə xalqına başucalığı gətirdiyi üçün Astara camaatı ona böyük sevgi göstərir, hər yerdə, həmişə xətrini əziz tutur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü