Nazirlər Kabinetinin müvafiq qərarlarında şərti maliyyə vahidi ifadəsi rəqəmlərlə əvəz edilib. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin 128 №-li Qərarına dair izahda bildirilir ki, “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 22 dekabr tarixli, 229-VIQ nömrəli Qanunu qüvvəyə minib. Sözügedən Qanunla 2020-ci il 22 dekabr tarixindən Azərbaycan Respublikasında “şərti maliyyə vahidi” ləğv edilib.
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında “şərti maliyyə vahidi” ifadəsi (norması) konkret rəqəmlərlə əvəz ediləcək. Maraqlıdır, şərti maliyyə vahidinin ləğvinin cəmiyyət üçün nə kimi əhəmiyyəti olacaq?
“...insanlara faydası çox olacaq”
İqtisadçı-ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında qeyd etdi ki, şərti maliyyə vahidinin rəqəmlərlə əvəz olunması mexanizmin sadələşdirilməsi baxımından daha məqbul sayılır: “Şərti maliyyə ifadəsi mürəkkəb yanaşma tərzidir. Rüsumlar, maliyyə sanksiyaları, cərimələrin şərti maliyyə ifadəsi insanlarda çaşqınlıq yaradırdı. Onlar nə qədər cərimə ödəyəcəklərini bilmirdilər. Ancaq şərti maliyyə ifadəsinin rəqəmlərlə ifadə olunması insanların rahatlığına səbəb olacaq. Artıq əməkhaqqı, cərimə, maliyyə sanksiyası və digər ödənişlər şərti maliyyə vahidi ilə deyil, konkret rəqəmlərlə əvəz ediləcək. Belə olanda vətəndaş konkret biləcək ki, söhbət hansı rəqəmə əsasən hesablanan cərimə, maliyyə sanksiyasından gedir. Bunun cəmiyyətə, insanlara faydası çox olacaq”.
Günel CƏLİLOVA