Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illər Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu proses davam etməkdədir.
E.Əzizov qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca, onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir: “Məsələn, Sabunçu rayonunda yerləşən “Ekopark” yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşüb. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, parkda təmir işləri 2014-cü ildə başa çatsa da, təxminən 8 il müddətində park baxımsız qalıb. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində Sabunçu rayonunda da bu kimi işlər üçün vəsait ayrılıb, amma 8 ildə bu mühüm park nəzarətsiz qalıb.
“Yaşıllıqlar baxımsız qalıb, parklarda oturacaqlar sınıqdır, fəvvarələr işləmir...”
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, son illər yaşıllıqların, yeni parkların sayının artması hər bir paytaxt sakininin ürəyincədir: “Yeni parkların salınması hər bir sakin tərəfindən alqışlanır. Sadəcə, bir məqam var ki, parkların ərazisinə xidmət məsələsində pərakəndəlik müşahidə olunur. Yaxşı olar ki, park və bağlara nəzarət bələdiyyələrə həvalə edilsin. İstanbul kimi nəhəng meqapolisdə bir çox digər sektor kimi, parkların ərazilərinə də yerli bələdiyyələr nəzarət edirlər. Cavabdeh qurum konkret məlum olanda vətəndaş da hara, kimə müraciət edəcəyini bilir. Məlumdur ki, hazırda paytaxtda elə parklar var ki, baxımsız qalıb, pis gündədir. Vaxtilə ora sərf olunan maliyyə resursları da itib artıq. Yaşıllıqlar baxımsız qalıb, oturacaqlar sınıqdır, parkların ərazisinə döşənmiş daşlar qırılıb, fəvvarələr işləmir”.
Günel CƏLİLOVA