Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq. Bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir. Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.
Qeyd edək ki, ötən həftəsonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.
Bəllidir, bir ildən çoxdur ki, bütün dünya koronavirus infeksiyasından əziyyət çəkir. Bu xəstəlikdən qorunmaq üçün müəyyən müddətlik kütləvi tədbirlərin, insanların sıx toplaşdığı mərasimlərin keçirilməsi qadağan olunub.
Xatırladaq ki, ötən il COVID-19 pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.
Maraqlıdır, hazırda ağır şərtlər və risq altında Həcc ziyarətinə getmək nə qədər doğrudur? Zəvvarlarımızın hazırkı şəraitdə ziyarətə getməsi düzgündürmü?
“Pandemiya dövründə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə getməməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, pandemiya dövründə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə getməməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu həm çoxlu sayda vəsaitin ölkəmizdə qalması deməkdir, həm də vətəndaşlarımızın virusa yoluxma risqinin aşağı düşməsinə səbəb olacaq: “Ötən il Səudiyyə Ərəbistanının əcnəbilər üçün Həcc ziyarətinə məhdudiyyət qoyması nəticəsində bizim vətəndaşlar da ziyarətə gedə bilmədilər. Yaxşı olar ki, bu il də belə bir qərar versinlər. Həcc ziyarətinə getmək arzusunda olan, lakin mövcud səbəblər üzündən gedə bilməyən vətəndaşlarımız ziyarətə xərcləyəcəyi vəsaiti pandemiya dövründə işini itirən, ehtiyacı olan insanlara yönəltsələr, bu daha faydalı və savab iş olar. Təsəvvür edin ki, həmin 9-10 milyon manat vəsaitlə 16-17 min Azərbaycan vətəndaşına yardım etmək tam mümkündür. Dinimizdə də var ki, qonşusunda ac, yoxsul adam olan bir şəxsin ziyarəti qəbul edilməz. Biz əvvəlcə öz ətrafımızda ehtiyacı olan insanların problemlərini həll etməliyik, onlara maddi dəstək göstərməliyik. Yəni bu, dinimizdə də qəbul edilən bir məsələdir. Hesab edirəm ki, pandemiya dövründə ziyarətə getməyin özü düzgün deyil. Çünki bununla insanlar özlərini əlavə problemə sala, daha çox yoluxa bilərlər”.
Günel CƏLİLOVA