Xəbər verildiyi kimi, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilib. Qanun layihəsi Milli Məclisin ötən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinə dair tələb müəyyənləşib.
Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Eyni zamanda, qanuna təklif edilən dəyişikliyə görə, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunub. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Həmçinin, dini ekstremizmin təbliğinə, eləcə də siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
“Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu, gələcəkdə də çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır”
Həmsöhbətimizin sözlərinə görə, valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər: “Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir. Azərbaycan xalqının əksəriyyəti İslam dininə etiqad edir. İslam dini sülh dinidir, həmrəylik dinidir, inkişaf dinidir, mərhəmət dinidir - çox mütərəqqi bir dindir. Bu din xurafat və mövhumat deyil. İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et.
Amma çox təəssüf ki, İslam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir. Biz buna imkan verməməliyik. Quran, İslam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə, biz bunun əksini görürük”.
Ekspert hesab edir ki, “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul olunması təqdir edilməlidir. Bu qanunun tələbinə əsasən, uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur.
Günel CƏLİLOVA