Millət vəkili müalicə olunan qazinin yanında

img

44 gün davam edən Vətən müharibəsində xalqımıza zəfər sevincini yaşadan mərd oğullardan biri də Astara şəhərində yaşayan qazi Fərid Qədəmullazadədir. Müharibə başlayanda o, cəbhəyə könüllü gedir, ilk gündən ağır döyüşlərə atılır. Fərid haqq savaşımızda Qarabağımızın mənfur  düşməndən azad edilməsində mərdliklə vuruşur və böyük şücaət, rəşadət göstərir.

Qələbə müjdəsi ilə geri dönən Astaranın igid, vətənpərvər oğlu dövlət tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Fərid Astara rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisidir. Rayonda hamı öz qəhrəman oğlu ilə qürur duyur, onun Vətənə, torpağa olan sevgisindən örnək götürür.

Fərid indi müalicə alır. Rayon sakinləri tez-tez yanında olmaqla ona mənəvi dayaq dururlar.  Həm də Fəridin yanına gələn hər kəs vətəndaşı olduğu odlar yurdu, dahilər diyarı doğma   Azərbaycana bir daha ürəkdən bağlanır. Söz düşəndə Astara elinin bu qəhrəman, nəcib, xeyirxah, oğlu da öz xoşbəxtliyini insanlara, elinə gərək olmaqda görür. 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov da  Fəridlə görüşüb. O, görüş zamanı igid qazini əsl Vətən oğlu adlandırıb, onun səhhəti, müalicəsinin gedişi ilə maraqlanıb və problemlərinin həlli istiqamətində vacib tövsiyələrini verib.

Millət vəkili bundan sonra da Fəridə bu yolda dəstək olacağını deyib.

Fərid isə, öz növbəsində, iştirak etdiyi ən gərgin döyüş epizodlarından danışıb, dövlətin qazilərə  göstərdiyi  hərtərəfli, yüksək səviyyəli diqqət və qayğıdan razı qaldığını bildirib.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər