Ramanada Əmir Bağırov küçəsində “ölüm tuneli”...

Sabunçu rayonu Kənd Ramanı yaşayış massivində yerləşən tuneldən sakinlər narazıdırlar. Narazılıq onunla əlaqədardır ki, yaşayış massivinin Əmir Bağırov küçəsində yerləşən tuneldən çıxan maşınların sürətli hərəkəti nəticəsində bu ərazidə tez-tez ölümlə nəticələnən ağır yol qəzaları baş verir. Vəziyyəti mürəkkəbləşdirən başlıca amil həm də yaxınlıqda məktəbin yerləşməsidir. Çünki məktəbin yaxınlıqda yerləşməsi uşaqların həyatını təhlükəyə atır.
Sakinlər deyirlər ki, tunelin düz çəkilməməsi, o cümlədən, dar olması maşınların toqquşma risqini də artırır. Bu da insanların həyatını təhlükə altına atır. Onlar bildirirlər ki, tunelin yaxınlığında piyadalar üçün nəzərdə tutulan keçid uyğun yerdə qurulmadığı üçün çoxu o keçiddən istifadə etmir. O da məlum oldu ki, gecə vaxtı yol daha təhlükəli olur. Bunun da səbəbi ərazinin işıqlandırılmasının yaxşı səviyyədə olmamasıdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, sözügedən tunel Azərbaycan Dəmir Yolları QSC tərəfindən tikilib. Belə ki, 2019-cu ildən istifadəyə verilən tunel Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə inşa edilib. Nəticədə həmin ərazidə mövcud olan eyni səviyyəli qorunan dəmir yolu keçidi yeraltı tunel şəkilli avtomobil keçidi ilə əvəz olunub. Bu zaman həm qatarların, həm də avtomobillərin eyni vaxtda hərəkətinə imkan yaradılıb.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, məsələdən xəbərdardırlar. Ərazi qurum tərəfindən təhlil olunacaq və yol hərəkətinin təhlükəsizliyi üçün zəruri olan bütün tədbirlər görüləcək.
- “Piyadalar üçün keçid düzgün yerdə quraşdırılsaydı, tunel bu dərəcədə insanların həyatına təhlükə yaratmazdı”
Ekspert Rəsul Cahangirli hesab edir ki, bəzən Bakıda bu cür tunellər inşa edilərkən hərtərəfli təhlil aparılmır: “Söhbət ondan gedir ki, tunel salınarkən orada əhalinin sıxlığı, ictimai sosial obyektlərin yaxınlığı və digər bu kimi məsələlər nəzərə alınmır. Hansı ki, bütün bunlar son dərəcə vacib məsələlərdir. Necə gəldi layihələndirmə aparılır və sonra məlum olur ki, iş işdən keçib. Təəssüf ki, belə problem təkcə Kənd Ramanıda yox, digər yaşayış massivlərində də var. Məsələn, görürsən elə uyğunsuz yerdə piyadalar üçün keçid tikilir ki, vətəndaşlar ondan elə də istifadə etmirlər. Halbuki, inşa işlərindən əvvəl yaşayış massivində araşdırma aparılmalı, sakinlərin rəyi öyrənilməlidir. Bu baxımdan, Əmir Bağırov küçəsində piyadalar üçün keçid düzgün yerdə quraşdırılsaydı, tunel bu dərəcədə insanların həyatına təhlükə yaratmazdı”.
Ekspert onu da qeyd etdi ki, ərazidəki sakinlərin təhlükəsizliyi baxımından problemin həlli vacibdir.
Vidadi ORDAHALLI