Prezidentin Zəngilandan açıq mesajını TƏBİB necə dəyərləndirəcək...

Prezident İlham Əliyev bugünlərdə işğaldan azad edilən rayonlardan birində hərbi hissəni ziyarət etdi. Ölkə başçısı kameralar və şəxsi heyətin önündə ağırlıq alətlərini qaldırdı.
Bununla, təbiidir ki, Prezident idmanın zərurilyini auditoriyaya çatdırmış oldu. Ancaq bəzi ekspertlər düşünür ki, ölkə başçısı bununla həm də TƏBİB-ə üstörtülü mesaj vermiş olub ki, idman zallarının açılması ilə bağlı lazımi qərar qəbul etsinlər.
- Fazil Mustafa: “Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını?”
Millət vəkili Fazil Mustafa hesab edir ki, ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi: “Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki?! Bildirib ki, bəzən ifadələrlə, jestlərlə anlatmağa çalışır ki, nələri etmək vacibdir... Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”.
- Kənan Məstəliyev: “Ölkə başçısının idman alətlərilə qapalı məkanda qoruyucu maska ilə məşq etməsi göstərdi ki, müəyyən qaydalara əməl etməklə idman zallarını açmaq olar”
İdman mütəxəssisi Kənan Məstəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycan idmanı ən ağır dönəmini yaşayır: “Bundan pis vəziyyət tarixində olmayıb. Əminəm ki, bu vəziyyət iki ildən sonra bizim hər hansı nəticəni qazanacağımızı inandırıcı etmir. Çünki idmançılar məşq etmirlər. İdman zallarının açılması çox zəruridir. Prezidentin məşq etdiyi videoları mən də maraqla izlədim. Orada bir mesaj əlaməti sezdim. Ölkə başısının idman alətlərilə qapalı məkanda qoruyucu maska ilə məşq etməsi göstərdi ki, müəyyən qaydalara əməl etməklə idman zallarını açmaq olar. Prezident həmin zala getməyə də bilərdi. Və ya gedib zala baxıb, çıxa bilərdi. Gördük ki, o bütün idman növləri üçün zəruri olan isinmə, fitnes hərəkətləri etdi. Hesab edirəm ki, zalların açılmasına səlahiyyəti olan əlaqədar qurumlar bundan ciddi nəticə çıxarıb, idman zallarına qoyulan məhdudiyyətləri aradan qaldırmış olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ