Məşhur “Sədərək”dəki “Meyvəli” bazarında icarə qiymətləri sürətlə qaldırılır…

Mayis Əliyev: “Tək “Sədərək” Ticarət Mərkəzində yerləşən “Meyvəli” Logistik Mərkəzində deyil, bir sıra bazarlarda da icarə haqqı qalxıb”

img

“Sədərək” Ticarət Mərkəzində yerləşən Meyvəli Logistik Mərkəzində icarə haqları artırılıb. Bu barədə bazar işçiləri özləri məlumat veriblər. İşçilər qeyd edirlər ki, “Meyvəli”də gündəlik icarə pulu 5 manatdan 10 manata kimi, yəni yüz faiz qaldırılıb.

İşçilər onu da vurğulayırlar ki, yerpulunun nə səbəbdən qalxması açıqlanmır. Bu barədə işçilərə hər hansı bir məlumat verilmir. Onu da qeyd edək ki, adıçəkilən bazarda çalışan sahibkarlar yerpulunun qalxmasına etiraz olaraq aksiya təşkil ediblər.

Sahibkarlar onu da bildirirlər ki, icarə haqqının qalxması bazarda satılan məhsulların da qiymətinə təsir edəcək. Satıcıların dediyinə görə, onlar icarə haqqının azalması, əvvəlki qiymətdə olması ilə bağlı bazar rəhbərliyinə müraciət etsələr də, onlara müsbət cavab verilməyib.

  • “Bazarda çalışan sahibkarların yarısından çoxu banklara da faiz ödəyir, ona görə də narazılıq ən son həddədir”

Məsələ ilə balğı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, son zamanlar tək “Sədərək” Ticarət Mərkəzində yerləşən “Meyvəli” Logistik Mərkəzində deyil, bir sıra bazarlarda da icarə haqqı qalxıb: “Sərt karantin rejimi dövründə bazar və obyektlər  fəaliyyət göstərmədi. Bazar rəhbərliyi də itirdiklərini geri əldə etmək üçün icarə haqqını qaldırıb. Ancaq nəzərə almaq lazımdır ki, qiymət artımı sahibkarlarla yanaşı, alıcılara da mənfi təsir edəcək. Bazarda icarə haqqının qalxması həmin məkanda satılanların da qiymətinə təsir edir. Qiymət artımı sahibkarların vəziyyətini dözülməz edir. Hazırda əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən, sahibkarlar zorla bu məbləği toplaya bilirlər. Danılmaz faktdır ki, bazarda çalışan sahibkarların yarısından çoxu banklara da faiz ödəyir. Ona görə də narazılıq ən son həddədir".

Günel CƏLİLOVA

Son xəbərlər