“Sovetski” sakinləri indi hansı kompensasiyadan danışırlar?

img

Keçmiş Sovetski ərazisi ilə bağlı yaşanan qalmaqal hələ də səngimək bilmir. Məlumat üçün bildirək ki, 2014-cü ilin fevralında keçmiş “Sovetski” ərazisindəki evlərin sökülməsinə başlandı.

Qeyd edək ki, “Sovetski” Bakının Yasamal rayonunda, Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) ilə Səid Rüstəmov və Zülfi Adıgözəlov küçələri arasında yerləşən tarixi yaşayış məhəlləsidir. Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə, ümumilikdə, 1920 ev sökülməli idi.

“Sovetski” sakinlərinin bir qismi iddia edir ki, onlara çatmalı olan təzminat tam şəkildə ödənilməyib. Belə ki, “Sovetski” sakinlərindən heç biri torpağa görə təzminat almayıb. Sahib olduqlarını təsdiqləyən sənədləri, yəni “kupça”ları yoxdur.

  • Maliyyə Nazirliyi - Mais Piriyev: “Evlərin yerləşdiyi əraziyə sahib olduqlarını təsdiqləyən sənədlər təqdim edən bütün “Sovetski” sakinləri təzminat alıblar”

Qeyd olunan ərazinin sakinlərinin kompensasiyasının tam ödənilməməsi ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirdi ki, evlərin yerləşdiyi əraziyə sahib olduqlarını təsdiqləyən sənədlər təqdim edən bütün “Sovetski” sakinləri təzminat alıblar: “Vətəndaşların əmlak alqı-satqısı könüllü olaraq həyata keçirilib. Notarius tərəfindən təsdiqlənməklə bütün sakinlərlə protokol müqaviləsi bağlanıb”.

  • Sovetski sakini Qafur Həsənov: “Kompensasiya olaraq icra hakimiyyəti orqanları mənə 123 min manat ödəməlidirlər”

 “Sovetski” adlanan ərazinin sakini Qafur Həsənov bildirdi ki, torpaq üçün ona təzminat verilməyib: “Evin təzminatı olaraq təklif olunan məbləğlə razılaşmadım. Sonra icra hakimiyyəti orqanları məhkəməyə müraciət etdi. Məhkəmə icra hakimiyyətinin lehinə qərar çıxardı. Məhkəmə qərarına görə, sökülməli olan evimdən çıxmalıyam. Kompensasiya olaraq icra hakimiyyəti orqanları mənə123 min manat ödəməlidirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər