Respublika Klinik Xəstəxanasında pandemiya təhlükəsi daşıyan toplantılar…

Adil Qeybulla: “Xəstəxanalarda canlı növbə ciddi fəsadlar törədir”

img

Xəstəxanalarda otaqların qarşısının dolu olması hər zaman xəstələr tərəfindən narazılıqla qarşılanıb. Səhər  tezdən saatlarla növbə gözləyib həkimin qəbuluna düşmədən qayıdanlar da var. Sıxlıq, xəstəxana dəhlizlərinin havasızlığı isə vəziyyəti daha da acınacaqlı bir hala gətirir. Xüsusən də koronavirus infeksiyasının dünyada tüğyan etdiyi bir vaxtda.

Virusdan qorunmaq üçün əməl edilməli olan əsas şərtlərdən biri də sosial məsafənin saxlanmasıdır. Ancaq son zamanlar bəzi xəstəxanalarda bu qaydaya əməl edilmir. Çoxlu sayda xəstə dar bir dəhlizə yığılır. Həmin xəstələr müxtəlif problemlərlə bağlı şəfa tapmaq üçün xəstəxanaya gedirlərsə, orada koronavirusa yoluxma ehtimalı da yüksək olur.

Bu hal akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşahidə edilir. Hətta bununla bağlı sosial şəbəkələrdə görüntü də paylaşılıb. Görüntüdə xəstəxananın sığorta şöbəsinin qarşısına onlarla xəstə toplaşıb, dərdlərinə çarə axtarırlar. Ancaq o insanların orada COVID-19-a yoluxmama ehtimalı azdır.

Onu da qeyd edək ki, adıçəkilən xəstəxananın baş həkimi Telman İbadov bir neçə gün öncə vəzifəsindən kənarlaşdırılıb.

Qeyd olunan xəstəxanada karantin qaydalarının pozulması ilə bağlı yayılan ilk görüntü deyil. Ötən ayın əvvəllərində xəstəxananın poliklinika şöbəsində həkim qəbuluna gələn onlarla insanın heç bir məsafə gözləmədən toplaşdığını əks etdirən foto yayılmışdı. Lakin sonuncu video bir daha onu göstərdi ki, xəstəxanada karantin qaydalarına hələ də əməl olunmur və oxşar vəziyyət hər gün yaşanır.

  • “100 adamın birdən gəlib USM-i gözləməsi, xüsusən də belə bir şəraitdə düzgün deyil”

Məsələ ilə bağlı fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, canlı növbə ciddi fəsadlar törədir: “Pandemiyanın olduğu bir vaxtda istənilən bir yerdə sıralamanın olması vacibdir. Xüsusən də xəstəxanalarda növbəlilik olmalı və sosial məsafə gözlənilməlidir. Bu səbəbdən növbələr onlayn olmalıdır ki, hər kəs lazım olan vaxtda gəlsin. Yəni 100 adamın birdən gəlib USM-i gözləməsi, xüsusən də belə bir şəraitdə düzgün deyil".

Günel CƏLİLOVA

Son xəbərlər