Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib. İmtahanın rəsmi nəticəsi açıqlanmasa da, imtahan iştirakçıları öz cavabları barədə müəllimlərini məlumatlandırıblar.
Məlum olub ki, ötən illərdən fərqli olaraq, bu il imtahanın nəticəsi zəif olub, belə vəziyyət daha çox dəqiq elm sayılan riyaziyyat fənni üzrə müşahidə edilib.
“Pandemiya və müharibənin təsiri imtahan nəticələrində mütləq nəzərə alınmalıdır, çünki əksəriyyət zəif hazırlaşıb”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, 2021-ci il buraxılış imtahanları mahiyyət baxımından digərlərindən fərqlənir: “Builki buraxılış imtahanının fərqi odur ki, şagirdlər məktəbə getmədən məzun olacaqlar. Bir ildən çoxdur pandemiya şəraiti və müharibə kimi amillər təhsilə də öz təsirini göstərib. Artıq 15 aprel tarixindən etibarən 11-ci siniflərin buraxılış imtahanı başlayıb.
Müəyyən ərazilərdə apardığımız monitorinq nəticələrinə əsasən, şagirdlər daha çox Azərbaycan dili və xarici dil fənlərindən yüksək nəticə göstəriblər. Riyaziyyat fənninin göstəriciləri o qədər də ürəkaçan deyil. Bu zəiflik ona görədir ki, riyaziyyat fənninin məsafədən öyrədilməsi mümkünsüzdür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiya və müharibə şəraiti olsa da, uşaqlar məktəbə getmədiyi üçün asudə vaxtları daha çox olub. Bu da imtahanda öz təsirini göstərməlidir. Həmçinin, cari ilin məzunları buraxılış imtahanı nəticələri ilə həm 5-ci ixtisas qrupuna, həm də bir sıra kolleclərə seçim edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. İnanıram ki, abituriyentlər imtahanda iştirak etməklə, gələcək təhsil mərhələsində böyük uğurlar əldə edəcəklər. Pandemiya və müharibənin təsiri imtahan nəticələrində mütləq nəzərə alınmalıdır. Çünki əksəriyyət zəif hazırlaşıb. Həmçinin, istiliyi və koronavirusa yoluxma ehtimalı olan şagirdlərin imtahanda iştirakı məhdudlaşdırılacaq. Onlar növbəti ay keçirilən eyni tipli imtahanlarda iştirak edə biləcəklər”.
Günel CƏLİLOVA