"Şənbə və bazar günləri 1 manata işləyən kiçiktutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var. Onlarla bağlı müvafiq iş aparılacaq". Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir. "Biz, sadəcə, məlumatlandıra bilərik. Bundan başqa, təkliflər artıq hazırlanaraq hökumətə təqdim edilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq".
Bəllidir ki, bu gün şəhərdə taksi kimi fəaliyyət göstərən “1 manatlıq” taksilər yetərincədir. O da məlumdur ki, karantin rejiminin tələbinə uyğun olaraq, ölkədə şənbə-bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmir. Bu vəziyyətdən istifadə edən “manatlıq” taksilər şənbə-bazar günü icazəsiz çalışırlar. Ümumiyyətlə, bu sahəyə necə nəzarət olunacaq?
“...əhalinin sağlamlığını deyil, öz maraqlarını düşünürlər”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, bu gün paytaxt ərazisində çoxlu sayda taksi çalışır: “Taksilərin bir qismi hansısa şirkətə, bir hissəsi fərdi, qalanları isə müəyyən olunmuş məsafədən məsafəyə müştərini yalnız bir manata aparır. Hətta el arasında bu taksilərə “manatlıq” taksilər də deyilir. “Manatlıq” taksilər bəzi hallarda vəziyyətdən istifadə edib, qiyməti də qaldırırlar. Bəli, qanunvericilikdə “manatlıq” taksilərlə bağlı hər hansı bir məsələ qeyd olunmayıb. Bu səbəbdən də qeyd olunan sahəyə nəzarət arzuolunan səviyyədə deyil.
Məlumdur ki, koronavirus infeksiyası ilə bağlı olaraq ölkədə karanrin rejimi davam edir. Karantin rejiminin tələbinə uyğun olaraq, şənbə-bazar günləri ictimai nəqliyyat işləmir. Ancaq “manatlıq” taksilərin sürücüləri daha artıq qazanc əldə etmək üçün həmin gün əhalinin sağlamlığını deyil, öz maraqlarını düşünürlər. Yaxşı olar ki, aidiyyəti qurumlar bu sahəyə ciddi nəzarət etsinlər. Hər kəs qayda-qanuna riayət etməlidir”.
Günel CƏLİLOVA