Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan əhali bir aya yaxındır ki, qaz problemindən əziyyət çəkir. Sakinlərin sözlərinə görə, artıq 4 həftəyə yaxındır ki, heç bir xəbərdarlıq edilmədən ərazidə qaz kəsilir: “Səhər saatlarında qaz kəsilir, axşam 6-dan sonra isə qazın verilişi bərpa olunur”.
Sakinlər onu da qeyd edirlər ki, onlar məsələ ilə bağlı dəfələrlə “Azəriqaz”ın “qaynar xətt”inə müraciət etsələr də, hər hansı bir cavab verilmir: “Maştağa qəsəbəsində yaşayan əhali bir aya yaxındır ki, əziyyət çəkir. Standart cavab verirlər ki, “sayğac yenilənir”. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi ilə bağlı bir cavab verilmir ki, bizdə işimizi bilək”.
“Maştağa qəsəbəsində qaz şəbəkəsinin yaxşılaşdırılması üçün mövcud kəmərlərə baxılır, pərakəndə çəkilmiş xətlər vahid xəttin üzərinə köçürülür”
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidməti qəsəbədə qaz kəsintisi ilə bağlı məlumatın həqiqət olduğunu bildirdi: “Hazırda qaz şəbəkəsinin yaxşılaşdırılması və sayğacların əvəzlənməsi üzrə iş aparılır, dayandırmalar da bu səbəbdən yaranır. Sabunçu rayonunun Maştağa qəsəbəsində qaz şəbəkəsinin yaxşılaşdırılması üçün mövcud kəmərlərə baxılır, pərakəndə çəkilmiş xətlər vahid xəttin üzərinə köçürülür. Bəzi sızmalar aşkarlanıb ki, onların aradan qaldırılması üçün bu prosesdə bizimlə yaxından əməkdaşlıq edən “Təmiz qaz” QSC əməkdaşları ilə birlikdə çalışırıq. Gündəlik, ayrı-ayrı saatlarda qısamüddətli dayandırmalar da bununla bağlıdır. Hesab edirik ki, bura səfərbər olunan işçilərin işlərinin nəticəsi o olacaq ki, tez bir zamanda bu proses yekunlaşdırılacaq və may ayı ərzində bu hallarla çox seyrək vəziyyətdə rastlaşacaqlar. Məlumat üçün bildirək ki, mayın ortalarından sonra isə belə dayandırmalar, ümumiyyətlə, olmayacaq”.
Günel CƏLİLOVA