Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) imtahan mərkəzi sessiya ilə bağlı bəzi dəyişikliklər edib. Sessiyanın 4-cü modulunda testlərin həm suallarının, həm də cavablarının məxfi saxlanması ilə bağlı qərar verilib. Universitetin imtahanla bağlı dəyişikliyi tələbələrin narazılığına səbəb olub.
Tələbələr məlum hadisə ilə bağı öz narazılıqlarını bildirsələr də, onlara müsbət cavab verilməyib. Tələbələr bildirirlər ki, problemin həlli üçün dəfələrlə müraciət ediblər, lakin nəticəsi olmayıb. Onlar onu da vurğulayırlar ki, imtahan sualları əvvəlki qaydada verilməzsə, o zaman imtahana girməyəcəklər. Bir sözlə, tələbələr imtahanı boykot etmək fikrindədirlər.
“Tələbələr onlara tədris olunmayan materiallardan olan sualla qarşılaşsalar...”
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetindən bildirildi ki, UNEC-də bakalavr və magistraturada əyani təhsil alan tələbələrin imtahanları test üsulu ilə keçiriləcək və test suallarının məxfi saxlanması ilə bağlı qərar qəbul edilib: “Elmi Şuranın qərarına əsasən, 4-cü modulun test imtahan sualları əvvəlcədən tələbələrə verilməyəcək. İmtahana düşəcək suallar tədris boyu keçirilən mövzularla əlaqəli olacaq və heç bir kənar mövzu imtahan suallarına salınmayacaq. Keçilən mövzudan kənar sual imtahanda olarsa, o zaman tələbənin xeyrinə qərar veriləcək. UNEC-də distant tədrisdə dərslər qrafik üzrə keçirilir. Hesab edirik ki, tələbələr dərs zamanı keçilən mövzunu yaxşı mənimsəyə biliblərsə, narahatlığa heç bir əsas yoxdur. Tələbələr hansısa müəllimin distant tədris zamanı keçdiyi dərsin keyfiyyətindən narazıdırlarsa, o zaman dekanlığa müraciət edə bilərlər. Qeyd edim ki, UNEC-də elektron kitabxana müəllim və tələbələrin istifadəsinə verilib, bütün mövzulara dair mühazirə və digər materiallar müəllimlərin şəxsi kabinetində yerləşdirilib, internet resursları çox və mövzu ilə bağlı materiallar əlçatandır”.
Günel CƏLİLOVA