Bakı ətrafında elə qəsəbə və yaşayış massivləri var ki, yolları ucqar dağ kəndlərinin yollarından fərqlənmir. Bu problem ölkə başçısı İlham Əliyevin də diqqətini cəlb etdiyindən, qəsəbədaxili yolların təmir olunması barədə dəfələrlə aidiyyəti qurumlara göstəriş verib.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yolların bərbad vəziyyətdə olmasına toxunub. Ancaq hələ də məlum problem öz həllini tapmayıb.
Xəzər rayonu, Binə qəsəbəsi, Xurşudbanu Natəvan küçəsinin yolları gediş-gəliş üçün çətindir. Adıçəkilən qəsəbənin sakinləri qeyd edirlər ki, yollar o dərəcədə bərbaddır ki, təcili tibbi yardım maşınları da bura gəlməkdə çətinlik çəkirlər: “Taksilər bu qəsəbəyə gəlməkdən imtina edirlər. Tək minik vasitələri deyil, eyni zamanda, sakinlər də piyada yol gedərkən çətinlik çəkirlər. Belə ki, qarlı-yağışlı günlərdə yollarda yaranan palçıq insanları çətin vəziyyətə salır”.
Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbəsi üzrə nümayəndəliyi - Tahir Əliyev: “Binə qəsəbəsində, Xurşudbanu Natəvan küçəsində yolların təmir və bərpasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur”
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbəsi üzrə icra nümayəndəsi Tahir Əliyev bildirdi ki, Binə qəsəbəsində, o cümlədən, Xurşudbanu Natəvan küçəsində yolların təmir və bərpasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Mayis Əliyev: “Bakıətrafı kənd və qəsəbələrin yolları yaxşı vəziyyətdə deyil”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Bakıətrafı kənd və qəsəbələrin yolları yaxşı vəziyyətdə deyil. Bu gün elə Bakıətrafı yaşayış məntəqələri var ki, orada əhalinin sayı 100 min nəfərə yaxındır: “Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yollar bərbad vəziyyətdədir. Kosmetik xarakterli müəyyən işlər görülür, iki gündən sonra yollar dağılır. Ya görürsən ki, asfalt örtüyü yaxşı salınmayıb, ya da, ümumiyyətlə, yol asfalt deyil. Məhəllədə yaşayanlar öz məhdud imkanları ilə yolları düzəltmək istəyirlər. İritonnajlı avtomobillərin intensiv hərəkəti kənd və qəsəbədaxili yolların daha da bərbad günə düşməsinə gətirib çıxarır. Yağış yağan kimi yolların bir çoxu su altında qalır, palçıq əlindən tərpənmək olmur. Uşaqlar məktəbə gedə bilmirlər. Yay aylarında da toz əlindən tərpənmək olmur. O dərəcədə ciddi problemlər var. Hesab edirəm ki, mərhələli şəkildə bu problemlər həll edilməlidir. Bu zaman yolların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir”.
Günel CƏLİLOVA