Bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı tez-tez mübahisələr yaranır. Görünən odur ki, hazırda bələdiyyələrin vergi toplamasında müəyyən anlaşılmazlıqlar mövcuddur.
Bələdiyyələr özünüidarəetmə təşkilatı olmaqla yanaşı, həm də özünümaliyyələşdirmə qurumudur. Onların maliyyələşməsi fiziki şəxslərdən toplanan əmlak vergisi, mənfəət vergisi və sanatoriya, kurortlardan əldə etdiyi gəlir hesabına baş verir. O ki, qaldı bələdiyyələrin sakinlərdən tələb etdiyi torpaq və əmlak vergisinə, bu heç də sadalananların hamısına aid deyil. Torpağın hər 100 kvadratmetrinə görə vətəndaşdan 60 qəpik vergi tələb olunur. Əmlak vergisi isə yalnız çıxarışı olan, sənədli evlərdən tələb olunur. Bələdiyyələr sənədsiz evlərdən, qanunsuz tikililərdən yalnız torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ala bilər. Evin sənədi yoxdursa, vətəndaşdan əmlak vergisi tələb edilə bilməz.
Onu da qeyd edək ki, son zamanlar özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil-tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.
Ekspertlərin bildirdiyinə görə, bələdiyyələr yalnız dövlət qeydiyyatına alınmış əmlakdan vergi tələb etmək hüququna sahibdirlər: “Bu gün xeyli sayda dövlət qeydiyyatına alınmamış əmlak var. Çox təəssüf ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış tikililərdən də müxtəlif yollarla əmlak vergisi tələb edirlər. Əmlak sahəsinə görə vergiyə cəlb olunur. Qeydiyyatı olmayan əmlakın sahəsinin nə qədər olması mübahisəli olduğundan və qeydiyyatı olmadığından, hüquqi baxımdan vergiyə cəlb olunması qeyri-mümkündür.
“Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən, bələdiyyələrə əmlak vergisini ödəməlidirlər”
Bələdiyyə sahəsi üzrə ekspet Vüqar Tofiqli bildirdi ki, MTK-lara ödənilən ödənişlər qanunsuz, əmlak vergisi isə qanunla qəbul edilmiş normadır: “Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən, bələdiyyələrə əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində, sözügedən binalarda yaşayan sakinlər özləri “Mənzil müştərək cəmiyyəti” yaratmalı və binanın idarə edilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir”.
Günel CƏLİLOVA