29 yaşlı Bayram Kərimov könüllü olaraq Vətən müharibəsinə iştirak etmək üçün döyüş bölgəsinə yollanıb. B.Kərimov Vətən uğrunda gedən döyüşlərdə iştirakı zamanı noyabrın 11-də əsir götürülüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dekabrın 14-də Azərbaycana qaytarılıb.
O, əsirlikdən qaytarıldıqdan sonra bir müddət müalicə alaraq evə buraxılıb. B.Kərimov hələ də əlillik dərəcəsinin ona verilmədiyindən narazılıq edir. O qeyd edir ki, hələ də əsirlikdə verilən işgəncələrin yerləri ağrıyır: “Gecələr ağrıdan zarıyıram. Otura, qaça bilmirəm, səhhətimdə ciddi problemlər var. Bütün bunlara baxmayaraq, indiyə kimi mənə əlillik təyin olunmayıb”.
Onun sözlərinə görə, səhhətindəki problemlər səbəbindən əlillik təyinatı üçün yaşadığı Gəncə şəhərində tibb müəssisəsinə müraciət edib: “Oradan bildirilib ki, Bakıdakı hərbi hospitaldan şəhadətnamə gətirməlidir ki, Əlillik Alt Sisteminə forma 88 daxil edilsin. Vəziyyətimlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında ədalətli araşdırma aparılmayıb və məni xidmətə yararlı kimi göstəriblər. Noyabrın 8-də Şuşa, Xankəndi istiqamətində döyüşlərdə ağır yaralandım. Yolun qırağında qaldım. Qanaxmam çox olduğuna görə huşumu itirdim, ermənilərin dediklərinə görə, məni noyabrın 11-i tapıblar. Ayıldanda gördüm ki, əllərim qandaldadır, ayaqlarımı bağlayıblar. Başımın altına sərt yastıq qoydular ki, hər şeyi gözümlə görə bilim. Nə narkoz, nə də keyidici vurdular. İşgəncə verə-verə 3 saat əməliyyat etdilər, qarnımı yarıb, bağırsağımı töküb 2 güllə çıxarıblar. Hospitalda isə deyirlər ki, yarıb eləcə tikiblər, guya gülləni belimdən çıxarıblar və xidmətə yararlıyam, mənə əlillik düşmür. Necə yararlıyam ki, otura bilmirəm, ağrıdan zarıyıram? Ağrılarım həddindən artıq çoxdur, sümüklərim sızıldayır. Dərdimi deyirəm, həkimlər bir-birinə ötürürlər. Sənədlərə ağızlarına gələni yazıb ancaq əsəb verirlər. Axırda bezib sənədləri də üstlərinə tullayıb çıxıb gəlmişəm”.
Müdafiə Nazirliyi: “Bayram Kərimovun sənədlərinə yenidən baxılacaq”
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, B.Kərimovun sənədlərinə yenidən baxılacaq və bu barədə məlumat veriləcək.
Günel CƏLİLOVA