Eşqin Cəfərzadə. İndi bu ad Lənkəran rayonunda insanların dilindən düşmür. Eşqin Vətən, torpaq yolunda şəhid olaraq bütün lənkəranlıların başını uca etməklə xalqın qürur yerinə çevrildi. 1997-ci il aprelin 20-də Lənkəranın Darquba kəndində dünyaya göz açmış elin bu qəhrəman oğlu 2016-ci il Aprel döyüşlərində erməni dığalarına yaxşı dərs verir. Lələ-təpə, Talış kəndlərinin geri alınmasında yüksək şəxsi rəşadət, şücaət nümayiş etdirir.
Eşqin Vətən müharibəsinə könüllü gedir. Topçu və manqa komandiri kimi bu 44 günlük haqq savaşımızda erməni dığalarına döyüş meydanında qan qusdurur. Füzulidə, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Qubadlıda Vətən, torpaq naminə əzab-əziyyətli, ölümlü yollardan keçir. Müqəddəs Qarabağ torpağı qarış-qarış yağı düşmən tapdağından azad edildikcə sevdalandığı Vətənə daha ürəkdən bağlanır, yeni zəfərlərə doğru can atır. Vətənə son sevgisini Qubadlı rayonunda verir. Oktyabrın 21-də son nəfəsə qədər döyüş meydanında olur, çoxlu sayda erməni dığasını məhv edir, özü isə şəhidlik zirvəsinə ucalır.
İndi Lənkəran elinin igid oğlu Eşqin ürəklərdə yaşamaqla, daha uca görünür. Ən əsası, cismən aramızda olmasa da, insanların ona sevgisi sonsuzdur. Dövlət öz qəhrəmanını “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.
Lənkəran rayonunda, Eşqinin doğma kəndi Darqubada onun adına park salınıb. Kənd sakinlərinin təşəbbüsü ilə salınan parkda şəhid əsgərin xatirə barelyefi qoyulub. İndi insanlar buraya Vətənə sevgi dolu ürəklə gəlir, Eşqinlə fəxr edirlər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü