Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birincilər sırasındadır. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 350-si Azərbaycanın şərqində, Xəzər akvatoriyasına yaxın ərazidə yerləşir.
Məlumat üçün bildirək ki, palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu baxımdan, Azərbaycanı “palçıq vulkanları diyarı” adlandırmaq olar. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır.
Onu da qeyd edək ki, dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Dünyada palçıq vulkanlarının diyarı kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu sərvətdən yetərincə yararlanmaq üçün lazımi işlər görülür.
Ölkəmizdə palçıq vulkanlarından turizm məqsədilə istifadə etmək üçün addımlar atılır. Görülən işlərin əsası bu günlərdə təqdim olunub. Belə ki, aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.
Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə, dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.
“...ölkəmizə gələn turistlərin bir qismi onları görmək istəyir”
Bildirdiyimiz kimi, palçıq vulkanları turizm üçün cəlbedicidir. Bu sahənin ölkəmizdə inkişafı və gətirəcəyi qazanc barədə danışan turizm üzrə ekspert Elçin Rüstəm bildirdi ki, palçıq vulkanları Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradacaq: “Möhtəşəm görünüşlü, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm obyektidir. Ölkəmizin palçıq vulkanlarının dövlət səviyyəsində beynəlxalq turizmə cəlb olunması vacib məsələlərdən biridir. Palçıq vulkanlarının diyarı olan Azərbaycanda möhtəşəm görkəmli, aktiv fəaliyyətli vulkanlar çoxdur və ölkəmizə gələn turistlərin bir qismi onları görmək istəyir. Sevindirici haldır ki, artıq ölkəmizə gələcək turistlər palçıq vulkanlarını görəcək və bu barədə öz ölkələrinə qayıtdıqdan sonra yaxınlarına məlumat verəcəklər. Beləliklə, palçıq vulkanları sayəsində ölkəmizə gələcək turistlərin sayı birəbeşə artacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, palçıq vulkanları turistləri hər zaman cəlb edib. Həqiqətən də ölkəmizə gələn turistlərin əksəriyyəti palçıq vulkanları ilə maraqlanıb.
Günel CƏLİLOVA