Pandemiya bütün dünyanı cənginə alıb. Artıq bir ildən çoxdur ki, əksər dünya ölkəsində sərhəd bağlıdır. Bu səbəbdən də ən çox itki, ən böyük böhranla üzləşən məhz turizm sektorudur. Bu hal nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilir.
Etiraf edək ki, sərt karantin rejimində ölkə daxilində fəaliyyət göstərən turizm obyektləri çalışmırdılar. Fəaliyyət göstərməyən turizm obyektlərinə dövlət tərəfindən müəyyən dəstək göstərildi.
Qeyd edək ki, postpandemiya dövrü üçün turizm potensialının bərpa edilməsi məsələsi birbaşa ölkə rəhbərliyinin nəzarətindədir. Bu istiqamətdə lazımi işlər görülməkdədir.
“...turizm sektorunun əvvəlkindən artıq şöhrətinin bərpa edilməsi istiqamətində müəyyən işlər görülür”
Turizmin inkişafı haqqında danışan iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, turizm sektorunu saxlamaq və gələcək inkişafına nail olmaq üçün, ilk növbədə, daxili turizmi inkişaf etdirməliyik: “Məlumdur ki, pandemiyadan sonra hələ bir müddət insanlar getmə-gəlmə turizmilə məşğul olmaqdan çəkinəcəklər. Burada psixoloji və digər amillər rol oynayır. Ancaq mövcud vəziyyətdə daxili turizmi inkişaf etdirmək olar.
Bəllidir ki, turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sektorlardan biridir.
Danılmaz faktdır ki, Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib. Turizm sektorunda infrastrukturun və logistik xidmətlərin inkişaf etdirilməsi, eləcə də turizm şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə bağlı dövlət tərəfindən dəstək olub. Pandemiya ölkəmizə turist axınına birbaşa təsir göstərdi. İqtisadi paket çərçivəsində turizmdə çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edə bildilər. Dövlət başçısının siyasi iradəsi sayəsində pandemiyanın bütün sektorlara təsiri minimuma enib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkə başçısı İlham Əliyev turizm sektorunun inkişafına xüsusi diqqət yetirir. Pandemiyadan sonra da turizm sektorunun əvvəlkindən artıq şöhrətinin bərpa edilməsi istiqamətində müəyyən işlər görülür.
Günel CƏLİLOVA