Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsindəki daş karxanasının fəaliyyəti dayandırılacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Ekspert saatı"nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, karxananın fəaliyyəti dayandırılacağı vaxt müəyyən edilməyib: "Daş karxanasında irəli sürə biləcəyimiz tələblər mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə etməklə tozun qarşısını almaq, minumum tullantıya nail olmaqdır. Daş karxanası bu gün də sənaye zonası kimi sahibkarlar tərəfindən istismar olunur. Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda, ətraf ərazilərdə yaşayış massivləri getdikcə çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar və alacaqlar".
Qeyd edək ki, analoji hal tək Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsindəki daş karxanasında deyil, Qaradağ rayonunda olan daş karxanalarında da qeydə alınır. Qeyd etdiyimiz daş karxanalarında da işçilərin əməyindən istifadə olunur, təhlükəsizlik qaydalarına əməl edilmir, nəticədə isə bədbəxt hadisələr baş verir. Bu səbəbdən də təhlükəsizlik qaydalarına əməl etməyən Qaradağ daş karxanalarının bağlanma ehtimalı varmı?
“Mövcud qaydalara riayət etməyən daş karxanalarının fəaliyyəti dayandırılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən ekoloq Telman Zeynalov dedi ki, karxanaların fəaliyyətinə ciddi nəzarət edilmir. Onun sözlərinə görə, daş karxanaları ilə bağlı əhalinin şikayətlərində həqiqət var: “Çox təəssüf ki, daş karxanaları sahiblərini ətraf mühit, yaxınlıqda yaşayan insanlar düşündürmür. Əslində, daş karxanaları nəhəng tozsoran nasos qoymalıdırlar. Bu nasoslar ətrafa tozun yayılmasının qarşısını alır. Amma həmin nasosların qiyməti çox bahadır. Hətta daş karxanası açmaq üçün qeyri-leqal ödənilən puldan iki dəfə çox. Ona görə də karxanalar bu nasosu alıb qoymurlar. Nəticədə ətraf toz-dumana bürünür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, daş karxanalarında təhlükəsizlik qaydalarına əməl edilmir. Bu səbəbdən də mövcud qaydalara riayət etməyən daş karxanalarının fəaliyyəti dayandırılmalıdır.
Günel CƏLİLOVA