Zirzəmi problemi paytaxt ərazisində qlobal olaraq qalmaqdadır. Qarşıdan yay fəsli gəldiyindən, problem yaxın günlərdə daha aktuallıq kəsb edəcək. Bakıdakı yaşayış binalarının zirzəmisinə yığılan su, damların bərbad vəziyyəti, kanalizasiya xətlərinin nasazlığı ilə bağlı şikayətlər durmadan artır.
Növbəti belə şikayətin ünvanı Xətai rayonundadır. Belə ki, rayonun Məhəmməd Hadi küçəsi bina 97-də kanalizasiya suyu zirzəmiyə axır. Kanalizasiya suyunun zirzəmiyə axması nəticəsində binanın sakinləri antisanitar vəziyyətlə üz-üzə qalıblar. Sakinlər bildirirlər ki, zirzəmidən gələn üfunət doqquzmərtəbəli binanın bütün mərtəbələrində hiss edilir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Xətai Rayon Sukanal İdarəsi: “Yaxın vaxtlarda həmin binanın kanalizasiya xətləri təmir olunacaq”
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Xətai Rayon Sukanal İdarəsindən bildirildi ki, sözügedən ərazidə mövcud problem mərhələli şəkildə həll olunur. Yaxın vaxtlarda həmin binanın kanalizasiya xətləri təmir olunacaq.
Mayis Əliyev: “Zirzəmilərin uzun müddət su ilə dolu olması binalar üçün təhlükə yaradır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, binaların zirzəmilərinə kanalizasiya suyunun dolması şəhərin bir neçə ərazisində müşahidə edilir. Bu problemi həll etmək üçün aidiyyəti qurumlar səfərbər olunmalıdırlar. Məlumdur ki, koronavirus infeksiyası bütün dünyanı təhdid edir. Virusdan qorunmağın əsas şərti təmizliyə əməl edilməsidir. Ancaq bir binanın zirzəmisinə kanalizasiya suyu axarsa, hansı təmizlikdən, sağlamlıqdan danışmaq olar.
Onu da əlavə edim ki, zirzəmilərin uzun müddət su ilə dolu olması binalar üçün təhlükə yaradır: “Binaların zirzəmiləri su içində olduğundan, həmin binaların bünövrəsi boşalır. Bakıda 5-6 ballıq zəlzələ olsa, belə binalar uçub-tökülə bilər. İlk növbədə zirzəmiyə həmin suyun gəlməsinə yardımçı olan borular dəyişdirilməlidir ki, su axınının qarşısı alınsın”.
Günel CƏLİLOVA