Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq. Bu məsələ “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, Milli Diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.
Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir. Həmin reyestr ölkə üzrə akkreditasiyadan keçmiş bütün ali təhsil kvalifikasiyaları haqqında verilmiş diplomlar və diplomlara əlavələr haqqında səhih məlumatı əks etdirməklə diplom və diploma əlavələrin vahid uçotunun aparılmasını təmin edir.
Bu reyestrin yaradılması ilə ölkədə qeydə alınan saxta diplomların verilməsi halına son qoyulacaq. Bir sözlə, saxta diplom dövrü artıq yekunlaşır.
“Milli diplom bazası imkan verəcək ki, identifikasiya kodu vasitəsilə hər kəs özünün təhsil haqqında sənədlərini oradan çıxara bilsin”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bir çox halda dövlət nümunəli olmayan diplomlar əmək bazarına daxil olur. Beləliklə, ali təhsil almaq istəyən şəxslər saxta yollarla diplom alıb, sonra da işə qəbul edilirlər: “Diplom Reyestri imkan verəcək ki, hər kəs şəxsi kodu ilə təhsili barədə məlumatlarını əldə edə bilsin”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ali təhsil müəssisələrində keyfiyyət əmək bazarının tələbinə və müasir standartlara cavab vermir: “Ali təhsil almaq istəyən şəxslər saxta yollarla diplomlar əldə edir, sonradan onlar əmək bazarında işə qəbul edilirlər. Milli diplom bazası imkan verəcək ki, identifikasiya kodu vasitəsilə hər kəs özünün təhsil haqqında sənədlərini oradan çıxara bilsin”.
Günel CƏLİLOVA