Vətənin adına şərəf gətirən Lənkəranın igid oğlu – Qabil...

img

Artıq 30 il həsrətini çəkdiyimiz Azərbaycanın əzəli torpaqları olan Qarabağımız düşmən tapdağından azad nəfəs alır. Bu sevinci öz canı, qanı bahasına xalqına yaşadan minlərlə igidin sırasında 1986-cı ildə Lənkəran rayonu, Gəgiran  kəndində təvəllüd tapan Qabil Habil oğlu Nurizadənin adı da böyük məhəbbətlə çəkilir.

Vətənin haqq savaşında misilsiz hünər göstərərək  şəhidlik zirvəsinə ucalan bu ər igid Lənkəran elinin ən ləyaqətli, şanlı oğlu sayılır və cismən həyatda olmasa da, harada bir Günəş müqəddəsliyi var, sorağı oradan gəlir. Qabil durduğu zirvədə də nurlu görünür, millətə məhəbbəti, Vətənə, torpağa sədaqəti ilahi bir sevgi olaraq  dünyada ləyaqətlə yaşamaq üçün insanların ürəyinə hərarət gətirir.

Vətən, xalq yolunda cavan canını fəda edən Qabilin əsgərlik həyatı Tərtərdə keçir. O, erməni dığalarına sonsuz nifrət bəsləyir,  doğma Azərbaycanın keşiyində mətin dayanır. Cəbhə xəttində  təxribat törətmək “eşqinə düşən” hər dığanın qulağını məqamında kəsir. Mərdliyini, sədaqətini görən əsgər yoldaşları Qabili özlərinə qürur, iftixar yeri bilirlər.

Əsgərlikdən sonra üzüağ evinə qayıdan Qabil qurub-yaratmaqla məşğul olur. Yurduna qəlbən bağlılığı, nəcib, xeyirxah əməlləri ona el-obanın sevgisini qazandırır. Qəlbi sevdalı olduğuna görə gördüyü işlər gözəl alınır, cəmiyyətə fayda gətirir. Vətən müharibəsi başlanan kimi könüllü döyüşə yollanır. Füzuli, Zəngilan, Şuşa ərazilərində mərdliklə vuruşur, bir-birindən çətin döyüş əməliyyatlarında erməni dığalarına od qoyur. Hər dəfə odun-alovun içinə ”Təki Vətən yaşasın”, deyib  atılır. Torpaq uğrunda məhv etdiyi dığaların sayı bilinmir. Daşaltı kəndində bir daha yağı düşməndən qisasını alıb şəhadətə qovuşur...

Şəhidin atası Habil Nuriyev deyir: “Oğlum Habil Vətənini çox sevirdi. Tanrı elə onu Vətən yolunda şəhid olmaq üçün yaratmışdı. Elin başını uca etməklə arzusuna çatdı. Mərd insana şan-şöhrət yaraşır. İndi böyük bir xalq oğlumla fəxr edir. Dövlət də Qabilin qəhrəmanlığına yüksək dəyər verdi.  Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildi. Həmin təltiflər bizə təsəllidir. O da heç vaxt  yadımdan çıxmaz ki, hər dəfə danışanda deyərdi inşallah, Qarabağı azad etdikdən sonra anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib oğlunun qəhrəman kimi döyüşdüyü yerləri görərsən...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər