Ərəb turistlərin şahin ovu Azərbaycanda arıçılıq üçün ağır problem yaradıb...

Telman Zeynalov: “Şahin quşlarının azalması mütləq arıçılığa öz mənfi təsirini göstərəcək”

img

Məlum olduğu kimi, ərəb turistlərin Acınohur çölündə quş ovlaması ölkədə böyük rezonansa səbəb oldu. Ərəb turist ovçuları ilə son insidentdən sonra nadir heyvan və quş növlərinin qorunması, ətraf mühitə qayğı göstərilməsi xüsusilə aktual bir mövzu halına gəldi.

Ölkəmizdə “Qırmızı kitab”a düşmüş növlər daxil olmaqla, heyvanlar aləminin 18 min nümayəndəsi var. Bura yaşayış arealı Azərbaycan olan, nəsli kəsilməkdə olan və ya kritik təhlükə altında olan 14 növ məməli, 36 növ quş, beş növ balıq, 13 növ amfibiya-sürünən və 40 növ həşərat daxildir. Onları ovlamaq qəti qadağandır, lakin son hadisələrin bir daha göstərdiyi kimi, qanun heç də hər kəs üçün yazılmayıb.

Bu arada məlum olub ki, ərəb turistlərin şahin quşlarını ovlaması arıçılığa ciddi zərər vurur. Acınohur yaxınlığındakı Kiçik Dəhnə kəndinin sakini Adil Yusifovun arı təsərrüfatı var. O deyir ki, Acınohura gələn ərəb turistləri şahin quşları tutduğuna görə arı yeyən quşların sayı sürətlə artır. Bu da arıçılara böyük ziyandır. Hansı ki, əvvəllər arı yeyən quşlar şahin quşların olduğu ərazidən uzaqda olurdular. İndi isə vəziyyət dəyişib. O da məlum olub ki, əslində, ərəblərin bu işləri yeni olmadığına görə son iki ildə arı yeyən quşların sayı sürətlə artır. Yəni məlum məsələ ictimailəşənə qədər ərəblər nadir quş növlərini ovlayıblar. Şahin quşların sayının azalması isə yaxın illərdə ölkədə arıçılıq təsərrüfatlarının ciddi ziyanla üzləşəcəyindən və bal istehsalının azalacağından xəbər verir.

  • “Qadağalara əməl olunsaydı, ərəb turistlər bu cür fəaliyyətlə məşğul olmazdılar”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov hesab edir ki, şahin quşlarının azalması arıçılıq üçün ciddi təhlükədir: “Məlum olduğu kimi, nadir quş növlərinin ovlanmasına qadağa qoyulub. Ancaq görünən odur ki, bu qadağalara əməl edilmir. Əməl olunsaydı, ərəb turistlər bu cür fəaliyyətlə məşğul olmazdılar. Verilən məlumatlara görə, dövlət bu istiqamətdə araşdırma aparır. Çünki belə hallar təbiətdə balansı pozur. İstəsək də, istəməsək də, bu belədir. Ona görə ki, bütün bunlar bir-birilə sıx əlaqədədir. Şahin quşlarının azalması mütləq arıçılığa öz mənfi təsirini göstərəcək. Çünki həqiqətən də sözügedən quşlar arıların qorunmasında vacib rol oynayırlar. Bu quşlar imkan vermir ki, arı yeyən quşlar arıların axırına çıxsın. Ona görə də təcili tədbirlər görülməsə, arıçılıq təsərrüfatlarında ciddi problemlər yaranacaq və zamanla bu özünü göstərməyə başlayacaq”.

Ekoloq hesab edir ki, arıçılığın inkişafı naminə bu məsələyə diqqət artırılmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər