Bakıda nasaz tikinti kranları həyat üçün böyük təhlükə mənbəyi olaraq qalır...

img

Bakıda tikinti kranı sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Təhlükəli vəziyyət Yeni Günəşli qəsəbəsində müşahidə olunur. Sakinlər bildirirlər ki, kranın qaldırıcı hissəsi uzun olduğundan, güclü küləyin təsirindən yellənir.

Qeyd edək ki, paytaxtın bir sıra ərazilərində işlək olmayan kranlar yaxınlıqdakı ərazilər üçün təhlükə yaradır. Tikinti şirkətləri normativ qaydalara əməl etmədikləri üçün işlək olmayan kranlar həm inşaatda işləyənlərin, həmçinin də ətrafda yaşayan, küçədən keçən insanların həyatı üçün təhlükəlidir.

Ekspertlər bildirirlər ki, kranın ətrafa zərər vurmaması üçün kranın hündürlüyünə müvafiq olaraq həmin hündürlükdən 3 metr fərq ilə beton tökülməli, metal konstruksiya yığılmalıdır. Bundan sonra kranın ayaqları bərkidilməlidir.

  • Elmar Nurəliyev: “Kranın saz və işlək vəziyyətdə olması hər gün kran operatoru tərəfindən yoxlanılmalı, test edilməli və hər hansı nasazlıq, yaxud nöqsan aşkar edilmədikdən sonra işə başlamalıdır”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, tikinti sahəsində istifadə olunan yükqaldıran kranlar elə qurulmalıdır ki, istənilən hava şəraitində aşma təhlükəsi olmasın: “Əsas məsələlərdən biri kranın yerləşdiyi yerin möhkəm olması və yükqaldırma əməliyyatı zamanı ətrafında yüksək gərginlikli elektrik xətlərinin olmamasıdır. Kran ətrafdakı insanlar üçün təhlükə yaratmamalıdır. Kranın ətrafında mühafizə zonasının yaradılması çox vacibdir.

Kranın saz və işlək vəziyyətdə olması hər gün kran operatoru tərəfindən yoxlanılmalı, test edilməli və hər hansı nasazlıq, yaxud nöqsan aşkar edilmədikdən sonra işə başlamalıdır:

“Kranın yükgötürmə qabiliyyətindən artıq çəkidə yüklərin götürülməsi yolverilməzdir. Çünki yükqaldırıcı oxunun radiusu ətrafında təhlükəsiz mühafizə zolağı olmalıdır. Həmin ərazinin tam təhlükəsiz olmasına əmin olmaq lazımdır”.

  • Zaur Əmirov: “Seksiyalar qalxdıqca, krana müəyyən metrlərdən bir bağlantılar verilməlidir

Tikinti üzrə mütəxəssis Zaur Əmirov bildirdi ki, seksiyalar qalxdıqca, krana müəyyən metrlərdən bir bağlantılar verilməlidir: "Kranlar müxtəlif cürdür. İstehsal edildiyi ölkəyə görə fərqli olaraq krana bağlantılar verilə bilər. Bizim tikintidə istifadə edilən kran 70 metr hündürlüyündədir. Bu zaman iki bağlantının verilməsi mütləqdir. Yaşayış binalarının inşasında təhlükəsizliyə aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilməlidir. Bəzi tikinti şirkətləri var ki, onların bütün texnikaları var. Onlar bina inşa edərkən öz texnikalarından istifadə edirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər