Dünya Forumu yollarımızı 140 ölkənın 27-cisi sayır, AAYDA-nın yollarının isə cəmi 38 faizi... əcaibliyin müqəssiri agentlikdir...

İlqar Hüseynli: “Burada, sözsüz, ciddi korrupsiya faktoru var”

img

Dünya İqtisadi Forumunun 2019-cu ildə apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 2018-ci ildə 34-cü pillədə, 2019-cu ildə 27-ci yerdə qərarlaşıb. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan avtomobil yollarının yalnız 35,8 faizi (I, II və III dərəcəli yol örtüyünə malik) keyfiyyətli yol örtüyünə malikdir.

Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Məlumatda deyilir ki, avtomobil yollarının uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər barədə agentlik tərəfindən təqdim olunmuş hesabatla Dövlət Statistika Komitəsinin məlumatları arasında uyğunsuzluqlar mövcuddur. Bu uyğunsuzluqlar ölkə üzrə avtomobil yolları barədə (uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər) məlumatların və hesabatların real vəziyyəti tam əks etdirməməsi ilə nəticələnir ki, bu da hesabatlılığın təkmilləşdirilməsini və gücləndirilməsini tələb edir. II, III, V dərəcəli və IV dərəcəli qara örtük və asfalt-beton örtüklü yolların hər km-nə çəkilən saxlama xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvəqqəti xərc normativləri ilə uyğunluq təşkil etmir. Bu da illik istismar xərci üzrə normativlərə yenidən baxılmasını zəruri edir. Bundan başqa, agentliyin tabeliyində olan bəzi MMC-lər tərəfindən əməkhaqqı ilə bağlı məlumatlar agentliyin müvafiq məlumatlarından fərqlənir.

Bütün bunların fonunda maraqlıdır, niyə AAYDA-nın balansında olan keyfiyyətli yollar bu qədər azdır?

  • “Yolların böyük hissəsinin keyfiyyətsiz olması bu məqsədlə ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsindən irəli gəlir”

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, AAYDA-ya məxsus yolların böyük hissəsinin keyfiyyətsiz olması bu məqsədlə ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsindən irəli gəlir: “Avtomobil yollarının tikintisi zamanı smeta həddən artıq şişirdilir. Bu zaman tələb olunan materiallar mənimsənilir. Yolun bünövrəsinin və özünün qurulması üçün lazım olan materialların mənimsənilməsi yolun keyfiyyətinə birbaşa mənfi təsir edir. Nəticədə çəkilən yolun keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Bax, problemin kökündə dayanan faktor bununla bağlıdır. Yolların tikintisinə yetərincə vəsait ayrılsa da, bu vəsait ünvanlı xərclənmir. Bu səbəbdən yeni salınan yol bir müddət sonra tez sıradan çıxır. Problem ondadır ki, keyfiyyətli yol üçün ayrılan vəsait ünvanlı şəkildə xərclənmir. Araşdırma aparsaq görərik ki, müxtəlif mənasız və səmərəsiz xərclər hesabına vəsaitləri mənimsəyirlər. Məsələn, yollarda istifadə edilən texnikaları icarəyə götürürlər. Belə ki, özlərinə yaxın olan sahibkarlarla sövdələşərək texnikanı icarəyə götürürlər. Halbuki, AAYDA öz texnikası ilə bu işləri görə bilər. Ancaq onlar texnikanı icarəyə götürməklə böyük xərclərə gedirlər. İcarə qiymətlərinin əksəriyyəti şişirdilir. Ona görə də burada, sözsüz, ciddi korrupsiya faktoru var. O üzdən, yolların böyük hissəsi tələb olunan keyfiyyətlərə cavab vermir”.

Ekspert hesab edir ki, bütün bunlara görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidirlər.

Vidadi ORDAHALLI

Son xəbərlər