Əksər universitet kitabxanaları bərbad vəziyyətdədir...

Etibar Əliyev: “Universitet kitabxanalarında ciddi monitorinq aparılmalıdır”

img

Bu gün ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir. Xüsusən də sərbəst iş yazılan zaman tələbələr dərslik sarıdan çətinlik çəkirlər. Onu da qeyd edək ki, ali məktəblərdə dərslik problemi daim mətbuatın gündəmində olub. Keçdikləri fənnə uyğun kitab tapa bilməyən tələbələr vəziyyətdən daim şikayət ediblər.

 

Məlumdur ki, ali məktəb dərslikləri əsasən köhnəlib, ancaq köhnə də olsa, onlardan əlavə ədəbiyyat kimi istifadə edilir. Buna görə də dövlət tərəfindən qiymətli dərsliklərə, dissertasiyalara, monoqrafiyalara, elmi işlərə maliyyə vəsaiti ayrılsa və ən az, hər birinin tirajı 10000-dək çatdırılsa, məqsədəuyğun olar. Həm tələbələr dərslik problemindən çətinlik çəkməz, həm də dərslik müəllifləri həvəsdən düşməzlər.

Qeyd etdiyimiz kimi, bəzi ali məktəblərdə kitab, dərslik problemləri hələ də yaşanır.

  • ...reytinqini müəyyənləşdirən kriteriyalardan biri də kitabxanalardır

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Etibar Əliyev qeyd etdi ki, barmaqla sayılası universitetlər istisna olmaqla, universitetlərimizin kitabxanaları bərbad vəziyyətdədir: “Məlumat üçün bildirim ki, universitetlərin reytinqini müəyyənləşdirən kriteriyalardan biri də kitabxanalardır. Ümumiyyətlə, universitet rektorunun əsas keyfiyyətlərindən biri kitabı bilmək, kitaba dəyər vermək olmalıdır. Universitet var ki, son 10-15 ildə tələbənin ixtiyarına bir kitab belə verə bilməyib. Lakin keyfiyyətli təhsildən, uğurlardan danışırlar”.

Millət vəkili hesab edir ki, universitet kitabxanalarında ciddi monitorinq aparılmalıdır: “Tələbələrə ötən əsrin 60-80-ci illərində çap olunmuş kitablardan dərs demək illüziyadan başqa bir şey deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər