Hünər göstərib şanlı Zəfər tariximizə düşən Ülfət... - FOTO

img

Lənkəran rayonunun Daştatük kəndində indi ən çox əzizlənən, sevgi dolu ürəklə çəkilən ad Ülfət Qabil oğlu Babazadədir. Bu elin mərd, igid oğlu Ülfət 44 günlük Vətən müharibəsində hünər göstərərək tarix yazdı.

19 yaşında canından artıq sevdiyi Vətənin yaşaması üçün çəkinmədən  özünü ona qurban etdi. Erməni dığaların əsarəti altında olan torpaqları azad görmək qəhrəmanın uşaqlıq arzusu idi. O, istədiyinə çatmaqla rahat getdi bu işıqlı dünyadan. Ondan sonra bizlərə isə  gözəl əməl qaldı. Dövlət tərəfindən layiq görüldüyü “ Vətən uğrunda”, “ Cəsur döyüşçü” medallarına da fəxrlə baxmağa dəyər.

Ülfət orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda əsas amalı millət, dövlət yolunda vicdanla çalışmaq, el-obada yaxşı işlər görmək, ömrünü halallıqla keçirtmək olur. Qaldı ki, murdar erməni dığaları onun saf, ülvi duyğulardan pöhrə tutan arzularını yarımçıq qoyurlar. Ürəyi sevdalı yeniyetmə Cəlilabaddakı Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmətə göndərilir. Burada əsgər Ülfətin vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarıq və qabiliyyətləri, Vətənə, torpağa sədaqəti aydın şəkildə özünü göstərir. Düşmənə nifrəti, qəzəbi isə onu daha da qətiyyətli edir. Elə ilanın başını əzməkdən ötrü də çox şey öyrənir. Və dığalara qələbə çalacağı günü səbrsizliklə  gözləyir.

Qarabağ uğrunda Vətən müharibəsi başlayan kimi Ülfət Babazadə cəbhə xəttinə yollanır. Erməni dığaları ilə ölüm-dirim savaşına atılır. Neçə-neçə odun-alovun içindən zəfərlə çıxır. Cəbrayılın, Zəngilanın, Suqovuşanın hər qarış torpağı naminə qəhrəmanlıqla vuruşur. Düşmənin texnika və çoxlu sayda canlı qüvvəsini məhv edir. İgid əsgər Şuşa şəhərini işğalçı dığalardan azad etməkdə  xüsusi hünər göstərir. Çox heyf ki, 2020-ci il noyabrın 8-də yağı tərəfindən atılan güllədən özünü yayındıra bilmir. Şəhid olur ki, Vətən yaşasın...

Ülfət Babazadənin sinəsinə əbədi baş qoyduğu torpağı kənd məzarlığıdır. Vətən adlı sevgilisinə qovuşduğu bu müqəddəs yer indi bütün Daştatük camaatının and yerinə çevrilib.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Son xəbərlər