"Baku Steel Company"də təhlükəli əmək şəraitinə daha bir faciəli fakt…

Xəbər verildiyi kimi, bu günlərdə “Baku Steel Company” MMC-də ölüm hadisəsi baş verib.
Nərimanov Rayon Prokurorluğunun yaydığı məlumtda qeyd olunur ki, aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlu idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölüb. Həmin dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə irihəcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş, Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü işləyən Şahin Babayevin idarə etdiyi “KamAz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sürücü xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, son zamanlar “Baku Steel Company”də təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən müxtəlif növ xəsarət alınması ilə bağlı məlumatlar yayılıb.
- “...həqiqəti əks etdirmir”
Məsələ ilə bağlı “Baku Steel Company” MMC-nin hüquqşünası Nazim Əliyev bildirdi ki, mətbuatda idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölən şəxsin “Baku Steel Company” MMC-nin sürücüsü kimi təqdim edilməsi həqiqəti əks etdirmir: “1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun “Baku Steel Company” MMC ilə heç bir xidməti müqaviləsi yoxdur. Həmin şəxs bizim işçimiz olmayıb. O, “Baku Steel Company” MMC-yə mal satan şirkətin məhsullarını daşıyan sürücü olub”.
Günel CƏLİLOVA