“Əhalinin 80 faizinin vaksinlənməsi hədəflənir". Bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib.
O bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında vaksinasiya prosesini erkən başlayan ölkələrdən biridir və 18 yanvarda başlayan vaksinasiya uğurla həyata keçirilir. Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və bölgələrdə 90 nöqtədə həyata keçirildiyini bildirən R.Bayramlı indiyə qədər 800 min doza peyvənd tətbiq edildiyini deyib: “Bu proses çox sürətlə davam edir və rəqəmsal şəkildə idarə olunur. Ölkəmiz ən uğurlu vaksinasiya həyata keçirən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın peyvənd edilməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar əldə olunub. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər vaksinasiyanı uğurla başa çatdıracağıq".
Maraqlıdır, niyə məhz əhalinin 80 faizi vaksin olunmalıdır? Əhalinin 80 faizi vaksin olunarsa, cəmiyyətimiz bundan nə əldə edəcək?
“...yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun”
Mövzu ilə bağlı fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, epidemik vəziyyətin sona çatması üçün, ən azı, əhalinin 80 faizi vaksin olunmalıdır: “Vaksinasiya prosesi tam başa çatana qədər qorunma tədbirləri davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, virus 1-2 gün ərzində çoxalaraq pik həddə çata bilər. O da bəllidir ki, bir xəstənin müalicəsi 14 gün ərzində mümkün olur. Bu səbəbdən də ehtiyatı əldən verməmək lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vaksinasiya, ən azı, əhalinin 70-80 faizinə tətbiq edilməlidir ki, yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun: “Ümumiyyətlə, risq qrupuna daxil olan şəxslər vaksin vurdurmalıdırlar. Əhali vaksinasiyada nə qədər aktiv iştirak etsə, biz bu bəladan bir o qədər sürətlə qurtula bilərik”.
Günel CƏLİLOVA