Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ötən ilin iyun ayından etibarən Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa edilib. Məlumdur ki, uçuşlar xüsusi qaydalarla həyata keçirilir.
Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlər uçuşdan qabaq COVID-19 testindən keçməlidirlər. Test bir neçə xəstəxanada həyata keçirilir. O cümlədən, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında. Ancaq adıçəkilən xəstəxanada Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlərin koronavirus testindən keçirilməsindən imtina edilib. Xəstəxanadan sərnişinlərə tövsiyə edilib ki, testi özəl klinikalada etsinlər. Özəl klinikalarda isə testin qiyməti 90 manatdır.
“...bunu TƏBİB-in yeni qərarı ilə əsaslandırırlar, ancaq...”
Millət vəkili Ülviyyə Həmzəyeva bildirdi ki, Ə.D.Məlikov adına 6 nömrəli Birləmiş Şəhər Xəstəxanası Naxçıvana uçuşlar üçün sərnişinlərdən COVID-19 testi götürməkdən imtina edib: “Bu vəziyyətdən insanlar narazı qalır, təyyarələr boş uçur, təbii ki, dövlət büdcəsinə də zərər dəyir. Məlumdur ki, TƏBİB iki sutkadan tez randevuları qəbul etmir. Bir neçə gündür əlində bileti olan sərnişinlərə 6 saylı Məlikov adına Xəstəxanada Naxçıvan uçuşları üçün test götürməkdən imtina edirlər və bunu TƏBİB-in yeni qərarı ilə əsaslandırırlar. Bu isə tibb personalı ilə vətəndaşların arasında anlaşılmazlığa gətirib çıxarır. Belə ki, hazırda 5 aprelə bileti olan sərnişinlərə 4 aprel test götürməkdən imtina edilib, sərnişinlərə biletləri 6 aprelə dəyişmələri tələb olunur (əlavə vəsait ödəməklə) və yaxud da vətəndaşlara özəl klinikalarda qiyməti 90 AZN olan test vermələri tövsiyə olunur. Özəl tibb müəssisələri testin cavabını 2-3 saat ərzində verə bilirlərsə, TƏBİB nə üçün bu prosesə 2 sutka tələb edir? İnsanlarda narazılıq yaratmaqla yanaşı, hazırda aviakassada bilet satışı həyata keçirilmir”.
Günel CƏLİLOVA