Yeni pul əskinaslarının istifadəyə verilməsindən artıq 4 aya yaxın vaxt keçsə də, ödəmə terminalları həmin manatları hələ də qəbul etmir. Belə ki, 1 və 5 manat yeni formada, dizaynda tədavülə verildiyi üçün ödəniş aparatları pulu qəbul etmir.
Yanvar ayından tədavülə buraxılan pullar hazırda cəmiyyət arasında daha çox yayılıb. Bu baxımdan ödəmə terminallarında yeni əskinaslarla bağlı yaşanan problem daha da genişlənib. Artıq xeyli sayda insan bu problemlə qarşılaşır.
Qeyd edək ki, analoji problem 2019-cu ildə 10 manat və 200 manatlıq əskinaslar dövriyyəyə verildiyi vaxtda da baş vermişdi. Buna görə də hazırda problemin bu qədər uzun müddət ərzində həll olunmaması insanların narazılığına səbəb olur.
“Milliön” - Ülviyyə Əfəndiyeva: “Yeni əskinasların götürülməsi üçün aparata proqram təminatı yazılıb”
Məsələ ilə bağlı fikir bildirən “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verdi ki, artıq yeni əskinasların götürülməsi üçün aparata proqram təminatı yazılıb: "Bir çox terminal planlı şəkildə həmin o proqram təminatı ilə təmin olunur. Demək olar ki, artıq bitmək üzrədir".
Elman Sadıqov: “...bu işdə gecikmələr yaşanır”
İqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, yeni buraxılan pulların təhlükəsizliklə bağlı kodları dəyişdiyi və əvvəlkindən fərqləndiyi üçün aparatlar qəbul etmir: “Terminallarda, ilk növbədə, proqram təminatı nəzərə alınmalı, yoxlanılmalıdır. Təəssüf ki, bu işdə gecikmələr yaşanır. Bundan öncə onluqlar və digər buraxılan pul nişanlarını da uzun müddət bir çox aparat tanımadı. Əhali bununla bağlı çətinliklər yaşadı. Burada Mərkəzi Bankla birlikdə işbirliyi həyata keçirmək lazımdır. Həmin şirkətlər və bankomatlar üçün yeni pul nişanlarını tanıyan proqram təminatını qısa müddətdə yazılaraq terminallara əlavə olunmalıdır. Bu isə maddi cəhətdən əlavə xərcdir.
Günel CƏLİLOVA