44 gün çəkən, şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan gizir Cəlal Ağaverdi oğlu Ağayev Lerik rayonu, Kornadi kənində boya-başa çatmışdı.
Elin igid oğlu 2001-ci ildə kənd məktəbini bitirib Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayır. Vətənə nümunəvi xidmət etdiyi üçün üçüncü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, eləcə də “Azərbaycan ordusunun 100 illiyi” yubiley medallarına layiq görülür. Qarabağın azadlığı uğrunda tarix yazan Cəlalın qəhrəmanlığı isə dövlət tərəfindən ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə qiymətləndirilib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi şəhidin məzarını ziyarət edib, ailənin qayğılarını yaxından öyrənmək məqsədilə onlara baş çəkiblər. Söhbət əsasında bir daha bildirilib ki, vətən, torpaq uğrunda şəhid olanları millət qəlbində yaşatmaqla həmişə layiqli vətəndaş kimi xatırlayacaq. Qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı zəfər yaşadan igid oğlumuz Cəlal da elə. Cəlal kimi mərd oğlanların bir amalı olub - Vətən torpağının müqəddəsliyinə tapınıb haqq savaşında mübarizliklə yağı düşmənə qalib gəlmək.
Şəhidin atası Ağaverdi Ağayev mədəniyyət işçisidir. Uzun illərdir bu sahədə çalışır. Öz nümunəvi işi, xeyirxah əməlləri ilə bütün rayonda böyük nüfuz sahibidir. Övladlarının qəlbində də vətənə, xalqına məhəbbət hissləri yarada bilib. Deyir ki, oğlum Vətən yolunda şəhid olduğu üçün qürur duyuram və bizim çox qüdrətli dövlətimiz var. Belə bir ölkənin vətəndaşı olmağın özü böyük xoşbəxtlikdir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü