Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Qeyd etdiyimiz kimi, aprelin 5-dən Bakı, Gəncə, Sumqayıt, Abşeronda məkəblərdə tədris distant formada davam etdiriləcək. Bu qərar bölgələrdə çalışan müəllim heyətinin narazılığına səbəb olub. Belə ki, müəllimlər bildirirlər ki, pandemiya təkcə Bakıda yox, bütün Azərbaycanda pik həddədir, rayonlarda da koronavirusa yoluxub vəfat edən müəllimlər çoxdur. Bu səbəbdən də bölgələrdə çalışan pedaqoqlar tədrisin əyani formada deyil, distant şəkildə davam etdirilməsini istəyirlər.
Yexlax rayonu Aşağı Qarxun kənd məktəbinin müəllimləri vəziyyətin ağır olduğunu, artıq 3 müəllimin koronavirusdan vəfat etdiyini deyərək, rayon məktəblərinin də bağlanmasını istəyirlər: “Bakıdakı müəllimlər virusdan qorunmalıdır, biz yox? Biz yoluxub ölməliyik? Hər gün birimiz yoluxuruq. Burada səhiyyə də bərbaddır. Təhsil nazirinin səhifəsinə yazırıq, xeyri yoxdur. Gözləyirdik ki, aprelin 5-ə bağlanar, amma rayonlar nəzərə alınmadı. Niyə belə ayrıseçkilik olunur ki? Hər gün qorxa-qorxa dərsə gedirik. İşləməsək, direktor töhmət yazır”.
“...rayonlarda çalışan müəllimləri başa düşmək lazımdır”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, koronavirus infeksiyası bütün dünyanı narahat etməkdə davam edir: “Virusla mübarizə aparmaq, ona qalib gəlmək məqsədilə ölkəmizdə bir sıra qabaqlayıcı tədbirlər görülməkdə davam edir. Bu günlərdə Bakı, Sumqayıt, Abşeron və Gəncədə tədrisin distant formada davam etdirilməsi ilə bağlı qərar açıqlandı. Bəziləri bu qərarın düzgün olmadığını bildirirlər. Ancaq nəzərə almaq lazımdır ki, uşaqlar, şagirdlər koronavirus daşıyıcıları sayılırlar. Onlar bu xəstəliyi necə keçirdiklərini bilməsələr də, yaxınlarına bu virusu keçirə bilər. Bu səbəbdən də təhsil müəssisələri risq qrupu kateqoriyasına şamil edilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bölgələrdə çalışan müəllim heyəti də analoji qərarın rayonlara şamil olunmasını istəyir: “Məlumdur ki, koronavirus infeksiyasına yoluxanlar arasında bölgələrdə çalışan müəllimlər də üstünlük təşkil edir. Hətta eyni məktəbin bir neçə işçisi bu xəstəlikdən həyatını itirib. Bu səbəbdən rayonlarda çalışan müəllimləri başa düşmək lazımdır. Onlar öz və ailələrinin sağlamlığı üçün tədrisin distant formada keçirilməsini arzu edirlər”.
Günel CƏLİLOVA