Bakının bəzi qəsəbədaxili yollarındakı bərbad durum çoxlarına məlumdur. Uzun müddətdir ki, təmir olunmayan yollar sakinlərə problemlər yaradır.
Təəssüf ki, bu problemin həlli istiqamətində atılan addımlar hələ də effektiv nəticə vermir. Baxmayaraq ki, ən yüksək səviyyədə Bakının qəsəbədaxili yollarının təmiri ilə bağlı göstəriş verilib. Ancaq hələ də müvafiq qurumlar buna ciddi yanaşmırlar.
Belə qəsəbələrdən biri də Xəzər rayonunun Binə qəsəbəsidir. Məsələ ondadır ki, Binə qəsəbəsinin Sovxoz yaşayış massivində minlərlə ailə yaşayır. Ancaq massivdə yollar uzun müddətdir bərbad vəziyyətdədir. Bir müddət öncə qəsəbənin əsas yolu təmir edilsə də, küçələrarası əsas yollar təmir edilmədi. Sakinlər deyirlər ki, bu da hər dəfə yağıntılı hava şəraitindən sonra bərbad mənzərənin yaranmasına səbəb olur. Yollar avtomobillərin və piyadaların hərəkəti üçün keçilməz səddə çevrilir. Məktəbə gedən uşaqların bu yollardan istifadəsi isə mümkünsüz olur. Asfaltın dağılması nəticəsində çuxurlar yaranıb və bu, yağıntılı havalarda ciddi problemlər yaradır. Onu da qeyd edək ki, sakinlər öz vəsaitləri hesabına yolu dəfələrlə təmir etsələr də, bu yol uzun müddət davam gətirmir. O üzdən, massivdaxili yollar əsaslı şəkildə təmir edilməlidir.
Binə Bələdiyyəsi: “Həmin yolları yaxşı təmir etmək üçün əsaslı vəsaitə ehtiyac var, bələdiyyənin isə belə imkanı yoxdur”
Məsələ ilə əlaqədar Binə Bələdiyyəsi ilə əlaqə saxladıq. Adını açıqlamayan bələdiyyə rəsmisi bildirdi ki, Sovxozdakı yolların təmiri ilə bağlı onların imkanları məhduddur: “Biz camaatdan vergini yığa bilmirik, çünki vəziyyət çətindir. O zaman yolları necə təmir edək? İki-üç aydır işçilər maaş ala bilmirlər. Qəsəbə bələdiyyəsi cari olaraq məhəllədaxili yollarla bağlı təmir işləri aparır, amma bu yetərli olmur. Ona görə ki, həmin yolları yaxşı təmir etmək üçün əsaslı vəsaitə ehtiyac var. Bələdiyyənin isə belə imkanı yoxdur. Bax, problem bununla bağlıdır”.
Əli Əlirzayev: “Dövlətin vəsaiti ilə maliyyələşən mərkəzləşmiş fondlar hesabına məhəllədaxili yollar təmir edilməlidir”
İqtisadçı-alim, professor Əli Əlirzayev isə qəsəbədaxili yolların təmiri ilə bağlı bir sıra təkliflərlə çıxış etdi: “Əslində, yollar kimin mülkiyyətindədirsə, onlar təmir etməlidirlər. Bələdiyyə mülkiyyətidirsə, o zaman həmin qurum bunu etməlidir. Dövlət əhəmiyyətli yoldursa, o zaman dövlət bu işi görməlidir. Bu gün Bakıda bələdiyyələrin fəaliyyəti qənaətbəxş olmadığına görə bu təsisatların imkanları məhduddur. Belə olan halda, hər qəsəbədə məhəllədaxili yolların təmiri ilə bağlı ünvanlı fond yaradılmalıdır. Yoldan istifadə edən həm hüquqi, həm də fiziki şəxslər ora vəsait köçürməlidirlər. Yoxsa, bu problem əsaslı şəkildə öz həllini tapmayacaq. Bu alınmırsa, o zaman dövlətin vəsaiti ilə maliyyələşən mərkəzləşmiş fondlar hesabına məhəllədaxili yollar təmir edilməlidir. Dövlətin büdcəsi hesabına bunu etmək mümkündür”.
Professor onu da qeyd etdi ki, Bakıətrafı bütün kənd və qəsəbələrdə bu problem olduğuna görə bu yöndə səyləri artırmaq lazımdır.
Vidadi ORDAHALLI