Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər bir dəstək göstərilir. Şəhid ailələrinə, eləcə də qazilərə dövlət tərəfindən qayğı var. Göstərilən dəstək formalarından biri də sığorta ödənişinin verilməsidir.
Məlumat üçün bildirək ki, qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əlilliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əlilliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin qazilərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ilə qədər bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi qaziləri bu ödənişi ala bilməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətinin yaydığı məlumatda qeyd olunurdu ki, sözügedən ödənişin fevral-mart aylarında verilməsinə başlanılacaq.
Ancaq nəzərə almaq lazımdır ki, artıq aprel ayıdır. Hələ də Birinci Qarabağ müharibəsi iştirakçılarına sığorta ödənişi verilməyib.
Maraqlıdır, Birinci Qarabağ müharibəsi qazilərinə sığorta ödənişlərinin verilməsi nə səbəbdən təxirə salınıb?
“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Birinci Qarabağ müharibəsinin qazisi Rey Kərimoğlu bildirdi ki, sığorta ödənişlərinin verilməsi təxirə düşməyib. Sadəcə, ola bilsin ki, bayrama görə sığorta pulunun ödənişi ləngiyib: “Mənə verilən məlumata görə, ödənişlərin verilməsinə başlanılmalıdır. Deyilənə görə, bununla bağlı Prezidentin fərmanı olmalıdır. Yəqin ki, apreldə olar”.
Günel CƏLİLOVA