Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib. “Trend”in məlumatına görə, yük təyyarəsi saat 13:00-da Bakıya enib.
Ölkəyə yeni gətirilən 500 min vaksin dozasının yaxın günlərdə istifadəsinə başlanılacaq.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib ki, Çinlə siyasi əlaqələrimizi çox yüksək qiymətləndiririk.
Onun sözlərinə görə, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla münasibətlərdə, o cümlədən COVID-19-la bağlı öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir:
“Ümidvarıq ki, indidən sonra da əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edəcək”.
Çinin Azərbaycandakı səfiri Qo Min isə koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib ki, Çin Azərbaycana 150 min doza təmənnasız vaksin verəcək. Səfir bildirib ki, Çin vaksinləri pandemiyaya qalib gəlməkdə Azərbaycana kömək edəcək: “Ümid edirik ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə pandemiyaya qalib gələcək”.
Azərbaycana koronavirusa qarşı növbəti partiya vaksinlərin aprel ayının sonunda gətirilməsinin nəzərdə tutulduğunu bildirən Çinin Azərbaycandakı səfiri qeyd edib ki, Çin Xalq Respublikası koronavirusla mübarizədə Azərbaycana hər bir dəstəyi verməyə hazırdır və edir.
Azəbaycanla Çin arasında ənənəvi yüksək səviyyəli əlaqələrin mövcudluğuna diqqət çəkən səfir Qo Min bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.
Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.
Azərbaycanla Çin arasında əməkdaşlıq nəticəsində bu ölkədən növbəti vaksin partiyası gətirilib.
Bunu isə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, koronavirusla mübarizədə ən effektiv üsul insanların peyvənd olunmasıdır: "Azərbaycan dünyada ən tez vaksinasiyaya başlayan ölkələr sırasındadır. Artıq 550 min nəfərdən çox şəxs peyvənd olunub. Peyvəndləmə prosesini sürətləndirmək üçün Prezident İlham Əliyevin Çin Xalq Respublikasının ali rəhbərliyinə müraciəti əsasında müqavilə imzalanıb.
5 milyon doza vaksinin gətirilməsi ilə bağlı 10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan müqaviləyə əsasən Azərbaycana bu gün 500 min doza "Coronavac” peyvəndi göndərilib. Vaksinasiya işini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər tez stabilləşəcək".