Artıq bir ildən çoxdur ki, yeni növ koronavirus dünyada bütün xəstəlikləri arxa plana keçirərək, bəşəriyyətin bir nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı "susdurmaq” naminə səfərbər olunub.
Virusla mübarizə aparmaq məqsədilə peyvənd vurulur. Demək olar ki, vaksin müxtəlif ölkələrdə vurulur. Artıq bəzi ölkələrdə “vaksin turizmi” trendə çevrilməkdədir. Belə ki, insanlar koronavirus əleyhinə peyvənd olunmaq üçün başqa ölkələrə üz tuturlar. Vaksinasiyanın başlamaması, yaxud yaş limiti kimi faktorlar önəm daşıyır.
Qeyd etdiyimiz kimi, artıq bəzi ölkələrdə vaksindən turizm məqsədilə istifadə edirlər.
Maraqlıdır, ölkəmizdə necə, “vaksin turizmi”ni inkişaf etdirmək olarmı?
“Çox nadir halda insanlar Türkiyə, Dubay kimi ölkələrə gedib, orada...”
Mövzu ilə bağlı fikir bildirən turizm eksperti Rəhman Quliyev dedi ki, hazırda vaksinasiya üçün başqa ölkələrə müraciət edən vətəndaşlarımız yoxdur: “Məlumdur ki, son aylarda, demək olar ki, əksər ölkə vaksinasiyaya start verib. Dünya əhalisinin 70 faizə yaxını vaksinasiya olunduqdan sonra biz pandemiyanın sonuna yaxınlaşmış ola bilərik. Hələ ki, Azərbaycanda “vaksin turizmi” anlayışı yoxdur. Yəni vətəndaşlarımız vaksinasiya üçün hansısa ölkəyə müraciət etmirlər. Çox nadir halda insanlarımız Türkiyə, Dubay kimi ölkələrə gedib, orada peyvənd oluna bilər. Lakin sırf bu məqsədlə insanlar ölkəni tərk etmirlər. Bundan əlavə, ölkəmizə də vaksinasiya olunmaq üçün əcnəbilər gəlmirlər. Xaricə gedib əlavə xərc çəkməkdənsə, zamanı gözləyib, ölkəmizdə peyvənd olunmaq lazımdır. Bu baxımdan “vaksin turizmi”nin inkişafını real görmürəm".
Həmsöhbətimiz onu da əlavə etdi ki, vaksinləşmə bütün ölkələr üzrə eyni qaydada həyata keçirilməlidir: “Vaksinləşmə elə şəkildə həyata keçirilməlidir ki, hamıya əlçatan olsun. Burada quş qripindən söhbət getmir, insan taleyindən söhbət gedir. Lakin çox təəssüf ki, dünyada virus əleyhinə hazırlanan vaksinlərin paylanmasında da çirkin siyasi əməllər özünü göstərir. Haqsız savaşları kənara qoyub, bütün dünya pandemiyaya qarşı birləşməlidir. Bu birlik olsaydı, biz indiyədək vaksinləşməni bitirib normal həyata qayıtmış olardıq".
Günel CƏLİLOVA