2-ci Zabrat qəbiristanlığında torpağa basdırılan şəxslərin məzarları suyun içindədir. Bununla bağlı həmin qəbiristanlıqda yaxınları basdırılan şəxslər narazılıq edirlər.
Sakinlər bildirirlər ki, onlar məlum məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onlara müsbət cavab verilməyib. Onlar qeyd edirlər ki, qurumlar problemi həll etməmək üçün məsələni bir-birinin üstünə atırlar. Məlumat üçün bildirək ki, söhbət Zabrat Bələdiyyəsi və Sabunçu Rayon İcra Hakimiyyətindən gedir.
“Güclü yağış yağanda qəbiristanlığı su basır, ancaq indi hər tərəf qurudur”
Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova bildirdi ki, qəbiristanlığın suyun içində olmasının məlum səbəbləri var: “Belə ki, güclü yağış yağanda qəbiristanlığı su basır, indi hər tərəf qurudur. Hazırda ərazidə heç bir su yığıntısından söhbət gedə bilməz”.
Bələdiyyə sədri onu da əlavə etdi ki, qəbiristanlıq ətrafına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı “Azərsu” ASC-yə müraciət edəcəklər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Son olaraq qeyd edək ki, Zabrat qəbiristanlığına kanalizasiya suyunun axması dəfələrlə mediada işıqlandırılıb. Ancaq buna baxmayaraq, problem hələ də həll olunmayıb.
Günel CƏLİLOVA